YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycanın ən böyük uğurlarından biri güclü iqtisadiyyat quruculuğu ilə bağlıdır

«Dünya İqtisadi Forumu "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması iqtisadi uğurlarımızın göstəricisidir». Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, bu mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Onun sözlərinə görə, həyata keçirilən islahatlar ölkənin perspektiv inkişafı üçün münbit zəmin yaradıb.

«Dünya İqtisadi Forumunun bəhs olunan hesabatında Azərbaycanın mövqeyi 12 indikatordan doqquz indikator üzrə yaxşılaşıb. Bunlar institutlar, infrastruktur, səhiyyə və ibtidai təhsil, ali təhsil və təlim, əmtəə bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, biznesin mürəkkəbliyi və innovasiya indikatorlarıdır. Hesabatdan da göründüyü kimi, hazırda Azərbaycanın inkişafı o səviyyəyə çatıb ki, ölkəmizin uğurları beynəlxalq miqyasda da təsdiq və təqdir olunur. Müstəqil Azərbaycanın ən böyük uğurlarından biri güclü iqtisadiyyat quruculuğu ilə bağlıdır. Milli iqtisadiyyatın güclənməsi və ölkənin iqtisadi müstəqilliyinin təmin olunması Azərbaycanın inamlı daxili və xarici siyasət həyata keçirməsində əsas amil qismində çıxış edir. Özünün geniş iqtisadi-maliyyə resurslarına istinad edən Azərbaycan regional lider dövlətə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür. Azərbaycanın təşəbbüsləri və müəllifliyi ilə reallaşdırılan layihələr bütövlükdə Cənubi Qafqaz regionunun inkişafını təmin edir. Ümumiyyətlə, statistik rəqəmlər son 13 ildə Azərbaycanın bütün dünya üzrə ən sürətlə inkişaf edən ölkələr sırasında yer aldığını təsdiqləyir. Bu dövrdə ölkəmizə daxili və xarici mənbələrdən təxminən 200 milyard dollar həcmində sərmayələr yönəldilib, bütün respublika boyu 70 mindən çox yeni müəssisə istifadəyə verilib və 1,6 milyondan çox yeni iş yeri açılıb. Bütün bunlar həyata keçirilən iqtisadi islahatların və uğurlarımızın əyani göstəricisidir»- deyə, komitə sədri vurğulayıb.