YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Enerji mənbələri içərisində Xəzər regionu dövlətlərinin, xüsusilə Azərbaycanın müstəsna mövqeyi var

«Enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir». Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, hətta yüksək inkişaf etmiş ölkələrin də enerji təhlükəsizliyi sahəsində ciddi problemləri mövcuddur. Onların bir çoxunun, ümumiyyətlə, karbohidrogen resursları yoxdur. ABŞ isə dünya neft hasilatında 8 faizlik paya malik olmasına baxmayaraq, istehlakda payı 24 faizdən artıqdır.

«Dünyanın müasir enerji xəritəsində mövcud vəziyyətin natamam təqdimatı belə deməyə əsas verir ki, enerji resurslarına olan tələbat ilbəil artmaqdadır və bu strateji məhsulların təkrar istehsalının olmaması reallığı fonunda tələb və təklif arasında qeyri-mütənasibliyin dinamik olaraq artacağını proqnozlaşdırmaq mümkündür. Bu reallıq əsas enerji istehlakçılarını, o cümlədən Avropa ölkələrini alternativ enerji hasilatçıları axtarmağa sövq edir. Belə enerji mənbələri içərisində Xəzər regionu dövlətlərinin, xüsusilə də Azərbaycanın müstəsna mövqeyi vardır. Enerji ehtiyatlarının dünya bazarlarına nəqlini təhlükəsiz və ən yüksək beynəlxalq standartlara uyğun gerçəkləşdirən Bakı-Tbilisi-Ceyhan  artıq neçə illərdir ölkəmizə və bütövlükdə regiona əlavə mənfəətlər gətirməkdə davam edir. Həmin vəsait Dövlət Neft Fonduna daxil olur, eləcə də ölkənin ən zəruri sosial-iqtisadi problemlərinin həllinə yönəldilir. Sentyabrın 14-də isə beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimi keçirildi. Bu saziş Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir və gələcək inkişafımızda mühüm rol oynayacaq»- deyə, deputat qeyd edib.