YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT PA-nın xüsusi nümayəndəsi: Minsk qrupunun tərkibinə yenidən baxıla bilər

Gələn il ATƏT-in Minsk qrupunun yaradılmasının 25 illiyi tamam olacaq. Bununla əlaqədar, Minsk qrupunun tərkibinə yenidən baxıla bilər.

Bu fikri sentyabrın 26-da ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Milli Məclisdə təmsil olunan partiya rəhbərləri ilə görüşdə səsləndirib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycanda çoxpartiyalı siyasi sistem mövcuddur və bu sistem getdikcə daha da inkişaf edir. Milli Məclisdə 11 siyasi partiya təmsil olunur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan S.Novruzov qeyd edib ki, 20 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıb. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi hələ də Ermənistan tərəfindən icra olunmayıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. Ancaq Ermənistan bu tələblərə məhəl qoymur. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirik ki, gələcəkdə ATƏT-in nizamlama mexanizminə yenidən baxılmalıdır.

Görüşdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, Azərbaycan Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev çıxış ediblər.

Kristian Vigenin Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunun fəaliyyətindən razı olmamasını başa düşdüyünü deyib. “Çünki münaqişənin həllində faktiki heç bir irəliləyiş yoxdur. Gələn il ATƏT-in Minsk qrupunun yaradılmasının 25 illiyi tamam olacaq. Bununla əlaqədar, Minsk qrupunun tərkibinə yenidən baxıla bilər. Problemi yalnız atəşkəsin pozulması zamanı yox, daim diqqət mərkəzində saxlamaq lazımdır. Mən öz tərəfimdən münaqişənin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm. Lakin bununla kifayətlənmək olmaz. Yalnız ATƏT-in Minsk qrupunun üzvləri deyil, digər ölkələr də münaqişənin həllinə öz töhfələrini verməlidirlər. Biz özümüz də parlament üzvləri olaraq, müəyyən təşəbbüslər, təkliflər irəli sürməliyik. Bu təşəbbüslərdən biri kimi, səfərim zamanı Zəngilandan olan məcburi köçkünlərlə görüşdüm”, - deyə ATƏT PA-nın xüsusi nümayəndəsi qeyd edib.

Kristian Vigenin vurğulayıb ki, münaqişə ilə bağlı mövcud status-kvo ATƏT Parlament Assambleyası üçün qəbuledilməzdir və tezliklə sülh yolu ilə dəyişdirilməlidir.