YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kristian Vigenin: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun davam etməsinə razı ola bilmərik

Sentyabrın 26-da Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bahar Muradova Azərbaycanın ATƏT və onun bütün qurumları ilə, eləcə də Parlament Assambleyası ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan nümayəndə heyəti bütün səviyyələrdə bu təşkilatın işində yaxından iştirak etməklə ona böyük töhfələr verir.

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT Parlament Assambleyasının gündəliyində olduqca böyük önəm kəsb edən məsələdir. Parlament Assambleyasının sədri xanım Kristin Muttonenin sentyabrın əvvəlində regiona səfər etməsi bunu bir daha təsdiq edir. “Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mümkün olan bütün tədbirləri görməliyik. Biz problemi sülh yolu ilə həll etmək üçün atıla biləcək istənilən addımı dəstəkləməyə hazırıq. Biz mövcud status-kvonun davam etməsinə razı ola, bu məsələyə göz yuma bilmərik. Problemin həllinə nail olmalıyıq”, - deyə K.Vigenin qeyd edib.