YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyanın 15 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda layihə çərçivəsində Azərbaycanda 42, dünyanın 15 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir.

BBMM-in mətbuat xidmətindən bildiriblər ki, bu ilin oktyabrından başlayaraq bu sıraya daha iki xarici ölkənin nüfuzlu universiteti də əlavə olunur. Bunlardan birincisi İsveçin Malmö Universitetidir. Oktyabrdan dekabrın sonunadək davam edəcək “Azərbaycan multikulturalizmi” fənnini Malmö Universitetinin mədəniyyət və cəmiyyət fakültəsində Bakı Dövlət Universitetinin professoru Kazım Əzimov tədris edəcək.

İkinci universitet isə Yaponiyanın Hokkaydo Universitetidir. “Azərbaycan multikulturalizmi” fənnini Hokkaydo Universitetinin nəzdində fəaliyyət göstərən Slavyan Avrasiya Tədqiqatları Mərkəzində konfliktologiya elmləri üzrə fəlsəfə doktoru Əlibəy Məmmədovun tədris edəcəyi planlaşdırılır.

Hazırda Hindistan, Cənubi Koreya, Serbiya, Fransa və Rumıniya universitetləri ilə gələcəkdə tədrisin təşkili ilə bağlı danışıqlar aparılır. Sevindirici məqam bundan ibarətdir ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub, ötən il nəşr edilən “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və bu günlərdə işıq üzü görən “Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi də tədrisin keyfiyyətinin daha da yüksələcəyinə inam yaradır. İndi dünyanın nüfuzlu ölkələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciət edərək “Azərbaycan multikulturalizmi” fənninin özlərinin aparıcı ali təhsil müəssisələrində tədrisi məqsədilə təkliflərini irəli sürür, bununla yaxından maraqlanırlar.

Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib, Mərkəzin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparılıb və ilkin mərhələdə 7 xarici universitet təklifi müsbət qarşılayıb. Hazırda isə bu say 17-ə çatıb.

Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə xaricdə “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə edəcək.