YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vyetnamın sabiq Prezidenti: Heydər Əliyev Vyetnam xalqının böyük dostu olub

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Vyetnam xalqının böyük dostu olub. Bu fikri Vyetnamın sabiq prezidenti Çıonq Tan Şanq Azərbaycan nümayəndə heyəti ilə görüşdə deyib.

Azərbaycanın Vyetnamdakı səfirliyindən bildiriblər ki, görüşdə Çıonq Tan Şanq Azərbaycan və Vyetnam arasında tarixi dostluq münasibətlərindən söz açaraq, görkəmli dövlət xadimi Heydər Əliyevin Sovet İttifaqı Nazirlər Şurası sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə Vyetnama səfərindən sonra şəxsən Ulu Öndərin imzası ilə bu ölkəyə dövlət səviyyəsində böyük həcmdə dəstəyin göstərilməsi barədə məlumatlı olduğunu deyib. Sabiq dövlət başçısı Vyetnamın ağır günlərində Azərbaycan xalqının yardımını heç zaman unutmadıqlarını bildirib, bir daha dost Azərbaycana minnətdarlığını ifadə edib.

Çıonq Tan Şanq müasir dövrdə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib, xüsusilə 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfərinin və 2015-ci ildə özünün Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyduğunu deyib. O, iki ölkə arasında əlaqələrin inkişafına hər zaman dəstək verməyə hazır olduğunu bildirib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmiz haqqında xoş fikirlərə görə təşəkkür edib. O, XX əsrdə böyük müharibələrlə və əziyyətlərlə üzləşmiş Vyetnam xalqının qəhrəmanlıq nümunəsinə çevrildiyini bildirib, vyetnamlıların dünyada çox zəhmətkeş, vətənpərvər xalq kimi tanındığını vurğulayıb.

F.Qurbanov Azərbaycan ilə Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş ikinci Vyetnam-Azərbaycan Dostluq Forumunun uğurla keçdiyini qeyd edib, həmçinin vyetnamlı həmkarı Fam Man Hunq ilə görüşdə təhsil sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldığını bildirib. Bundan başqa, səfər çərçivəsində Bakı Dövlət Universiteti ilə Xo Şi Min Milli Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanması barədə məlumat verilib.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Təhsil Nazirliyinin və qeyd olunan universitetlərin əməkdaşları daxil olub.

DİGƏR Xəbərlər Arxiv