YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan Prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədrini ali mükafat - Şərəf ordeni ilə təltif edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ümumgürcüstan katolikos-patriarxı II İliyanın dəvəti ilə Gürcüstanda səfərdədir.

İdarənin mətbuat xidmətindən bildiriblər ki, şeyxülislamı səfərdə Milli Məclisin deputatları, Azərbaycandakı xristian və yəhudi dini icmalarının başçıları, ictimai xadimlər müşayiət edirlər.

Səfərin məqsədi Qafqaz müsəlmanlarının ali dini lideri A.Paşazadənin anadan olmasının 65-ci ildönümünün Gürcüstanda qeyd edilməsidir.

Avqustun 29-da Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Allahşükür Paşazadəni qəbul edib.

Prezident Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu bildirib. Giorgi Marqvelaşvili bu əlaqələrlə fəxr etdiklərini, qonşu dövlətlərimiz arasında münasibətlər müstəvisində mənəvi əlaqələrin böyük önəm kəsb etdiyini vurğulayıb. Prezident ümumgürcüstan patriarx-katolikosu II İliyanın və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Azərbaycan və Gürcüstan xalqları və dövlətləri arasında dostluq və əməkdaşlığın daha da dərinləşməsinə böyük töhfələr verdiyini bildirib. O deyib ki, belə dini liderlərin mövcudluğu həm Azərbaycan, həm Gürcüstan, həm də bütövlükdə Qafqazı gücləndirən amillərdəndir. Xalqlarımızın xoş gələcəyi üçün enerji, infrastruktur layihələri qədər önəmli olan mənəvi əlaqələrin inkişafının vacibliyini vurğulayan Gürcüstan Prezidenti bu əlaqələrin inkişafındakı rollarına görə hər iki dini liderə təşəkkürünü bildirib.

Şeyxülislamın anadan olmasının ildönümünün bu gün Gürcüstanda qeyd edilməsinin Qafqazın bütövlüyü üçün böyük önəm kəsb etdiyini bildirən G.Marqvelaşvili QMİ sədrinin Gürcüstan Prezidentinin ali mükafatı - Şərəf ordeni ilə təltif edildiyini söyləyib.

Ordeni A. Paşazadəyə təqdim edən Gürcüstan Prezidenti yubilyara ən xoş arzularını çatdırıb. O, yaxın dostu saydığı Azərbaycan Prezidenti İlham Əliyev ilə aralarında olan xoş münasibət və anlaşmanı yüksək dəyərləndirdiyini vurğulayaraq, ən səmimi salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Ali mükafata görə Gürcüstan Prezidentinə təşəkkür edən şeyxülislam A. Paşazadə indiyədək layiq görüldüyü dövlət mükafatları arasında bu ordenin xüsusi yer tutacağını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidentinə çatdıran şeyxülislam Azərbaycan dövlətinin başçısının da bütün dialoqların təməlində mənəviyyatın durduğunu hər zaman vurğulamasından böyük qürur duyduğunu söyləyib. O deyib ki, neft kəmərləri də, ölkələrimizi birləşdirən dəmir yolları da tarixi mənəvi əlaqələrimizdən keçir.

Patriarx II İliyanı Qafqazın ağsaqqalı saydığını bildirən QMİ sədri onu bölgədə daim birləşdirici, sülh carçısı olan dini lider kimi xarakterizə etdi, vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də gürcü patriarxının şəxsiyyətinə yüksək dəyər verdiyini xatırlatdı. Patriarxın yaxın tarixin ən mürəkkəb məqamlarında, o cümlədən Dağlıq Qarabağ problemi ilə bağlı ədalətli, prinsipial mövqeyində israrlı qaldığını xüsusi qiymətləndirən A. Paşazadə böyük qardaşı saydığı II İliyadan indiyədək çox şey öyrəndiyini və bundan şərəf duyduğunu diqqətə çatdırıb. O, patriarxı Azərbaycana dəvət etdiyini bildirib.

Ümumgürcüstan katolikos-patriarxı II İliya şeyxülislamın ad gününü həm də gürcü xalqının bayramı kimi dəyərləndirib. QMİ sədrini ali mükafat münasibətilə ürəkdən təbrik edən patriarx dini liderlər kimi Qafqazda ədalətli sülhün bərqərar olmasının vacibliyi ilə bağlı şeyxülislamla fikirlərinin hər zaman üst-üstə düşdüyünü xüsusi vurğulayıb. A.Paşazadəni Gürcüstan üçün həmişə arzuolunan, qiymətləndirilən şəxs adlandıran II İliya şeyxülislamın budəfəki səfərini xalqlarımız və ölkələrimiz arasında dostluğun gözəl nümunəsi kimi səciyyələndirib. O bildirib ki, Gürcüstan və Azərbaycan əlaqələrinə hər zaman böyük dəyər verir və çox şaddır ki, ən çətin məqamlarda Gürcüstan Azərbaycanın, Azərbaycan isə Gürcüstanın yanındadır, hər zaman bir-birini dəstəkləyirlər.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Azərbaycan-Gürcüstan dostluğunun tarixi və əbədi olduğunu bildirib. Müasir dünyada siyasi, iqtisadi böhranların yaşandığı bir dövrdə iki qonşu xalqlarımızın, müdrik dövlət başçılarımızın olmasını yüksək dəyərləndirən F.Heydərov bunu bütün bölgə üçün nümunə, münasibətlərin davamlı olaraq inkişaf etdirilməsini isə vacib məqam saydığını bildirib.