YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Nəbizadə: Gələcəkdə təbii sərvətlərimiz yalnız ehtiyat faktoru kimi önəm kəsb edəcək

«Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş yeni Saziş «Əsrin müqaviləsi» ilə eyni əhəmiyyətə malikdir. Prezident İlham Əliyev bu Sazişi yeni əsrin müqaviləsi kimi səciyyələndirib». Bu fikri yap.org.az saytına müsahibəsində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə deyib.

K.Nəbizadə bildirib ki, müqavilənin uzadılması onu göstərir ki, xarici ölkələr və şirkətlər Azərbaycanı ciddi, etibarlı tərəf kimi qəbul edir. Bu amil onu sübut edir ki, Azərbaycan düzgün siyasət həyata keçirir və ölkəmizdə ictimai-siyasi sabitlik yüksək səviyyədədir. Birinci müqavilədə neft ehtiyatları 500 milyon ton həcmində proqnozlaşdırılırdı və icra zamanı 436 milyon ton təşkil etdi. Əslində, neft ehtiyatları daha çoxdur. Yeni Sazişə əsasən həmin yataqlarda neft ehtiyatlarının 500 milyon ton həcmində olması proqnozlaşdırılır. Bu da o deməkdir ki, yeni sazişin icrası nəticəsində dövlətimizin gəlirləri daha da artacaq.

«Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, 2016-cı ildən ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi əhəmiyyət və üstünlük verilir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, bizim gələcək iqtisadi siyasətimizdə qeyri-neft sektorunun inkişafı prioritet təşkil etməlidir, neft faktorunu kənara qoymalıyıq. Təbii ki, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər nəticələr verməkdədir. Belə ki, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə ciddi nəticələr əldə olunur. Hazırda sənayə mərkəzləri, məhəlləri yaradılır ki, bunlar da yaxın illərdə daha böyük nailiyyətlərə yol açacaq. Yəni həm neft, həm də qeyri-neft sektorundan ölkəmiz daha böyük həcmdə gəlirlər əldə edəcək. Əsas odur ki, gələcəkdə təbii sərvətlərimiz yalnız ehtiyat faktoru kimi önəm kəsb edəcək»- deyə, K.Nəbizadə qeyd edib.