YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycan və Əfqanıstan arasındakı əlaqələr tarixi köklərə malikdir

Sentyabrın 18-də Bakıda Əfqanıstanın müstəqilliyinin 98-ci ildönümü münasibətilə qəbul təşkil olunub.

Qəbulda əvvəlcə Azərbaycanın və Əfqanıstanın dövlət himnləri səslənib.

Tədbirdə çıxış edən bu ölkənin Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili Əfqanıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb. Səfir deyib: “Dostluğumuz qarşılıqlı hörmətə və anlayışa söykənir. Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasına sadiqdir və ölkəmizin etibarlı tərəfdaşıdır. Azərbaycan, həmçinin əsl dost kimi imkanı daxilindəki bütün resurslarını bizə təqdim edib. Təhlükəsizlik və hərbi yardım, təlim və maliyyə dəstəyi, ordumuzun inkişafı naminə Əfqanıstan Milli Ordusunun yardım Fonduna ianələri, ölkəmizin istər regional, istərsə də qlobal iqtisadiyyata inteqrasiyasına kömək məqsədilə siyasi islahatların aparılması istiqamətində məsləhətləri bu qəbildəndir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək əlamətdar gün münasibətilə əfqan xalqını Azərbaycan hökuməti adından təbrik edib. O bildirib ki, iki ölkə arasında əlaqələr tarixi köklərə malikdir, hər iki xalqı tarix və mədəniyyət birləşdirir. “İki ölkə arasında 1994-cü ildən diplomatik münasibətlər mövcuddur və o vaxtdan bu günə kimi əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Siyasi, iqtisadi, mədəni və sosial sahələrdə əlaqələrimiz sürətlə inkişaf edir. Əldə edilmiş uğurların qorunub saxlanması və Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafı məqsədi ilə xarici ölkələrlə ticarətin iqtisadi əməkdaşın genişlənməsi böyük əhəmiyyətə malikdir. Bu baxımdan biz Əfqanıstanla tikinti və infrastruktur, energetika və turizm sektorları sahələrində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə böyük önəm veririk. İkitərəfli əlaqələrin sürətlə inkişaf edərək hazırkı səviyyəyə çatdırılmasında yüksək səviyyəli qarşılıqlı səfərlər və eyni zamanda, bağlanan sənədlər mühüm rol oynayır. Əfqanıstan və Azərbaycan arasında əlaqələrin daha da genişlənməsi üçün böyük potensial var”, - deyə M.Qurbanlı vurğulayıb.

Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Əfqanıstanın ölkəmizin ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib. Həmçinin qeyd olunub ki, Əfqanıstan da Azərbaycanın ikitərəfli və çoxtərəfli formatda dəstəyini müsbət dəyərləndirir.