YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Vyetnamda Azərbaycan-Vyetnam Hökumətlərarası Birgə Komissiyanın həmsədri Tran Tuan Anh ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində Vyetnamın Sənaye və Ticarət naziri, Azərbaycan-Vyetnam Hökumətlərarası Birgə Komissiyanın həmsədri Tran Tuan Anh ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan və Vyetnam arasında əlaqələrin dərin köklərə söykəndiyi vurğulanaraq, bu xüsusda Vyetnam Sosialist Respublikasının ilk Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfəri və ulu öndər Heydər Əliyevin 1983-cü ildə SSRİ-nin Nazirlər Şurasının Sədrinin birinci müavini qismində Vyetnama səfərinin xalqlarımız arasında sıx dostluq münasibətlərinin təməlini qoyduğu diqqətə çatdırılıb.

Habelə, hazırda ölkələr arasında əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilərək, 18-19 may 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin, 13-15 may 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının keçmiş Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafına mühüm təkan verdiyi qeyd olunub.

E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri, ölkəmizdə nəqliyyat sektorunun inkişafı və bu əsnada Bakı portunun imkanlarının artırılması barədə həmsöhbətinə məlumat verib və Şimal-Cənub nəqliyyat dəhlizinin Vyetnamın ixrac məhsullarının Avropa bazarına çıxarılması üçün əlverişli imkanlar təmin edə biləcəyini diqqətə çatdırıb.

Vyetnamın Avropa İttifaqı bazarına ixracının artmaqda olduğunu qeyd edən nazir T.T.Anh bu xüsusda nəqliyyat və logistika imkanlarının genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq Azərbaycan tərəfinin bu cəlbedici təklifinin mütləq şəkildə nəzərdən keçiriləcəyini deyib.

Görüş zamanı Azərbaycan və Vyetnam arasında iqtisadi, ticarət, enerji, təhsil sahəsində əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycanın neft avadanlığı istehsal edən müvafiq şirkətlərinin məhsullarının Vyetnam bazarına çıxarılması imkanları müzakirə edilib. Bu istiqamətdə Birgə Komissiya çərçivəsində müvafiq işlərin aparılacağı vurğulanıb.

Səfərdə Milli Məclisin deputatı Rauf Əliyev iştirak edib.