YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Mərkəzində klassik avtomobillərin yürüşü və möhtəşəm əyləncə tədbirləri keçirilib

Avqustun 26-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçirilib.

Tədbirdə 1980-ci ilədək istehsal olunmuş 150-dən çox klassik avtomobil iştirak edib. Bunlar yürüş üçün qeydiyyatdan keçən şəxsi avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzində nümayiş etdirilən Klassik avtomobil sərgisinin eksponatlarından ibarət nəqliyyat vasitələri olub.

Yürüşdə Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, təhsil naziri Mikayıl Cabbarov, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Yürüşdə iştirak edən ən qədim avtomobil 1937-ci ildə istehsal edilən "Opel Olimp" avtomobili olub. Onun sahibi Azad Kərimov AZƏRTAC-a müsahibəsində deyib: "Klassik avtomobillərin yürüşü və sərgisi çox gözəl tədbirdir. Sanki maşınlara ikinci həyat bağışlayıblar. Bu, böyük bir bayramdır. Bu tədbirə nəvələrimlə gəlmişəm. Bu cür tədbirlər tez-tez keçirilsə, daha yaxşı olar. Çünki gələcək nəsillər bu cür maşınları görməlidir".

Sərgidə iştirak edən, şəhər sakini Fuad Məmmədovun avtomobilinin isə, necə deyərlər, "42 yaşı" var. Avtomobili 2002-ci ildə Rusiyadan gətirən F.Məmmədovun sözlərinə görə, bu nəqliyyat vasitəsi həmin vaxtdan işləyir, yəni xarab olmayıb. Hətta avtomobil 2014-cü ildə Vyanaya uzaq səyahət edib. Bakıda təşkil edilən klassik avtomobil yürüşündə ilk dəfə iştirak etdiyini deyən şəhər sakini tədbirin onda xoş təəssürat oyatdığını vurğulayıb.

Müxtəlif illərin istehsalı olan ayrı-ayrı markalı avtomobillər Bakı küçələrində nostalji hisslər yaradaraq yürüş ediblər.

Klassik avtomobillər Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb və şəhərin mərkəzi küçələri ilə yürüş etdikdən sonra Mərkəzin parkında sərgilənib.

Klassik avtomobillərin yürüşü və sərgisi paytaxtımızın sakinləri ilə yanaşı, şəhərimizin qonaqlarında da unudulmaz təəssüratlar yaradıb. Rusiyadan gəlmiş Natalya Zelnurova deyib: "Bakıya qonaq gəlmişəm və gözlənilmədən bu tədbirə qatıldım. Yürüş, eləcə də burada iştirak edən avtomobillər çox xoşumuza gəldi. Əhvali-ruhiyyə yüksəkdir. İnsanlar çox mehribandırlar. Həm bu tədbirdə, həm də ümumiyyətlə, şəhərdə çox səmimi münasibət görürük".

Yürüşdən sona Heydər Əliyev Mərkəzinin parkında, həmçinin müxtəlif yaş qrupları üçün əyləncə proqramları, çərpələng festivalı və konsert təşkil olunub.

DİGƏR Xəbərlər Arxiv