YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Perspektiv hədəf ölkənin qida təhlükəsizliyinə bütünlüklə daxili istehsal hesabına nail olmaqdan ibarətdir

«Qida təhlükəsizliyi ilə əlaqədar mexanizmlərin səmərəli fəaliyyət göstərməsi, norma və normativlərin beynəlxalq standartlara uyğunlaşdırılması ərzaq məhsulları idxalının azalmasına, kənd təsərrüfatının ixrac potensialının yüksəlməsinə müsbət təsir göstərir. İdxalı azaltmaqla respublikamız özünün valyuta ehtiyatlarına qənaət edə bilər ki, bu da indiki dönəmdə çox aktual məsələdir». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, ölkəmizdə ərzaq məhsulları istehsalının genişləndirilməsi ilə bağlı dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə paralel surətdə hərtərəfli texniki və maliyyə təminatı ilə dəstəklənir. Onun sözlərinə görə, ölkədə etibarlı ərzaq təhlükəsizliyinə nail olunması üçün aqrar sektorun inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir və davamlı xarakter daşıyır.

«Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Ölkədə aqrar sektorda ərzaq məhsulları istehsalının yüksək artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Belə ki, respublikamızda heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə artıb və xaricdən mal-qara, ət və süd məhsullarının idxalı azalıb. Qısa müddətdə ölkənin qida təhlükəsizliyi sahəsində belə yüksək göstəricilərin əldə olunması böyük nailiyyətdir. Perspektiv hədəf isə ölkənin qida təhlükəsizliyinə bütünlüklə daxili istehsal hesabına nail olmaqdan ibarətdir»- deyə, deputat qeyd edib.