YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycanda kənd təsərüfatının potensialı kifayət qədər böyükdür və görülən işlər bu sahənin iqtisadiyyatımızdakı yerini daha da artıracaq

«İqtisadiyyatın bütün sahələrində olduğu kimi ölkəmizin aqrar sahəsində də zamanın çağırışlarına uyğun olaraq iqtisadi inkişaf modellərindən istifadə olunur. Hazırda aqrar sahəni innovasiyalar tətbiq etmədən inkişaf etdirməyi təsəvvür etmək çox çətindir. Bunu nəzərə alaraq ölkə başçısının tapşırığı əsasında aqrar sahədə innovasiyanın tətbiqi istiqamətində geniş işlərə başlanıb». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, hazırda qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan aqrar sahənin daha da inkişafı üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, Qax rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirilməsi bu faktı bir daha təsdiqləyir.

«Kənd təsərrüfatında dərin islahatların əsasını təşkil edən istiqamətlərdən biri də kənd təsərrüfatı istehsalının zonalar üzrə ixtisaslaşmasıdır. Ulu öndərimiz Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə kənd təsərrüfatının ixtisaslaşması geniş tətbiq olunurdu və bu aqrar sahənin inkişafına böyük təkan verirdi. Bunu nəzərə alaraq Prezident İlham Əliyev kənd təsərrüfatının zonalar üzrə ixtisaslaşdırılmasına dair konkret tapşırıqlar verir. Qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsi, bu sahələrə dövlət dəstəyinin göstərilməsi barədə ölkə Prezidentinin xüsusi göstərişləri olmuş və müvafiq sənədlər imzalanıb. Qaxda keçirilən respublika müşavirəsi bir daha təsdiqlədi ki, dövlət başçısı bu sahədə görülən işləri xüsusi diqqət mərkəzində saxlayır. Müşavirədə qeyd olunduğu kimi son iki ildə tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafında müəyyən irəliləyişlər əldə olunub. Amma hazırda görülən işlər nəticəsində bu sahələrdə daha böyük nəticələr qazanılacaq. Müşavirədə qeyd edildiyi kimi, iki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb ki, bir neçə ildən sonra onlar bar verəcək. Eləcə də, digər sahələrdə də ciddi tədbirlər görülür ki, tütünçülük və baramaçılıq daha da inkişaf edəcək və xarici ölkələrə ixracı daha da artacaq. Bu ilin altı ayında  ixrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Hazırda ölkədə qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcək. Beləliklə, dövlət başçısının vurğuladığı kimi  idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir. Azərbaycanda kənd təsərüfatının potensialı kifayət qədər böyükdür və görülən işlər bu sahənin iqtisadiyyatımızdakı yerini daha da artıracaq»- deyə,  komitə sədri vurğulayıb.