YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Uşaqların hədəfə alınması və qətlə yetirilməsi Ermənistanın dövlət terrorizm siyasətidir

Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə alması kimi əməllərinin nəticəsində avqustun 7-də Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifov xəsarətlər alıb.

İyulun 4-də isə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan hədəfli şəkildə və qəsdən atəşə tutması nəticəsində 51 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirildi, 52 yaşlı Sərvinaz Quliyeva isə ağır yaralandı.

Ermənistanın bu vəhşiliyinin, xüsusilə azyaşlı uşağı və qadınları hədəfə almasının beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən nəticə çıxarmayaraq avqustun 7-də 13 yaşlı Ramin Yusifovun yaralanması ilə nəticələnən növbəti barbar əməli törətdi.

Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı şərhlərində yer alıb.

Hikmət Hacıyev deyib ki, mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizm siyasətidir. İyirmi beş ildən artıq dövr ərzində Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində Ermənistan tərəfindən çoxsaylı hərbi cinayətlər, soyqırımı və bəşəriyyət əleyhinə cinayət əməlləri törədilib. Xocalı soyqırımı bunun ən dəhşətli və qanlı nümunələrindən biridir.