YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Macarıstan strateji tərəfdaşlıq əlaqələrinin inkişafında parlament diplomatiyası xüsusi rola malikdir

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan Milli Assambleyasının sədr müavini Janos Latorcai və Xarici Əlaqələr üzrə Komitəsinin sədri Zsolt Nemeth ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub. Azərbaycan və macar xalqları arasında dostluğun dərin tarixi köklərə malik olduğu vurğulanıb.

Tərəflər ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığını diqqətə çəkərək bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana gözlənilən səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə ediblər.

Həmçinin Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafında parlament diplomatiyasının xüsusi rola malik olduğu qeyd edilib və bu məqsədlə parlamentlərarası dostluq qrupları arasında mütəmadi səfər mübadilələri və görüşlərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Azərbaycanın və Macarıstanın beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə mövqeyinin üst-üstə düşməsi təqdirəlayiq hal kimi qiymətləndirilib.

İki ölkə arasında nəqliyyat, enerji, turizm, təhsil, kənd təsərrüfatı, əczaçılıq və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün biznes dairələri arasında əlaqələrin təşviq edilməsinin vacibliyi qeyd olunub.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafı istiqamətində Macarıstanın dost və tərəfdaş dövlət kimi göstərdiyi dəstək təqdir edilib.

Görüş əsnasında nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında həmsöhbətlərə məlumat verib. Nazir Macarıstanın Azərbaycanın ədalətli və haqlı mövqeyini və münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.