YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Parlamentinin komitə iclasında Ermənistanın hərbi-siyasi rejimi kəskin tənqid edilib

İyulun 10-da Avropa Parlamentinin xarici siyasət komitəsinin növbəti iclası keçirilib. İclasda son günlər qoşunların təmas xəttində yaşanan gərginlik Avropa Parlamentinin deputatları və iclasa dəvət edilən azərbaycanlı və ermənistanlı müstəqil ekspertlər tərəfindən geniş müzakirə edilib.

Azərbaycanın Avronest PA nümayəndəliyindən verilən məlumata görə, müzakirələr zamanı sloveniyalı deputat İvo Vayql Ermənistanın işğalçı olduğunu və Azərbaycanın təcavüzə məruz qaldığını, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini və iyulun 4-də dinc sakinlərin Ermənistan ordusu tərəfindən qətlə yetirildiyini diqqətə çatdırıb. O, bu münaqişənin yalnız beynəlxalq hüquqa əsaslanaraq həll edilməli olduğunu və bu hüququn hamı tərəfindən tanınan sərhədlərin toxunulmazlığına hörmətdən ibarət olduğunu vurğulayıb.

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi, Avronest PA-nın üzvü, rumıniyalı deputat Norika Nikolay da Ermənistanı azərbaycanlı mülki əhalinin qəsdən öldürülməsinə görə kəskin tənqid edib və bu hadisənin Dağlıq Qarabağ ərazisində deyil, məhz ondan kənarda azərbaycanlı mülki əhalinin yaşadığı məkanda baş verdiyini söyləyib.

AP-nin litvalı deputatı Petras Austrevicius da Ermənistanın mülki əhaliyə atəş açmasını kəskin tənqid edib və münaqişənin qızışma təhlükəsinin çox ciddi olduğunu söyləyib.

Xorvatiyadan olan deputat Zelyana Zovko bu münaqişənin yalnız sülh yolu ilə həllinin vacibliyini və müharibənin yolverilməz olduğunu vurğulayıb. O, bu cür gərginliyin mülki vətəndaşların ölümünə səbəb olduğunu və bunun da qarşısının alınmasının zəruriliyini diqqətə çatdırıb. İclasda iştirak edən ermənistanlı ekspert də Ermənistan cəmiyyətinin hərbləşdirilməsini və prezident aparatı vasitəsilə hakimiyyətin bir mərkəzdə cəmləşdirilməsini təəssüflə qeyd edib.

İclasda AP-nin daha bir neçə deputatı çıxış edərək cəbhədə son günlər baş verən hadisələr ilə bağlı narahatçılıqlarını ifadə ediblər.