YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nobel mükafatçısı: Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir

Azərbaycanda istedadlı insanlar çoxdur. Ölkədə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir.

Bu fikirləri Arizona Dövlət Universitetinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Edvard K.Preskott Qusarda keçirilən "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransında söyləyib.

Nobel mükafatçısı iyulun 3-də başlayan konfransda fəxri qonaq kimi “ABŞ iqtisadiyyatının mövcud vəziyyəti” adlı məruzə ilə çıxış edib. Məruzədən sonra aparılan müzakirələrdə Edvard K.Preskott Azərbaycan iqtisadiyyatında reallaşdırılan islahatlar, ölkənin iqtisadi potensialı və gələcək perspektivləri barədə müsbət fikirlər səsləndirib.

Məruzədə yaxşı və layiqli idarəçilik, insan kapitalı, ixtisaslı kadrların yetişdirilməsi, resursların düzgün qiymətləndirilməsi və səmərəli istifadəsi, iqtisadiyyatın şaxələndirilməsi və digər aktual məsələlərə toxunan alim, eyni zamanda, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işləri dəyərləndirib. Edvard K.Preskott Azərbaycanda vergi, gömrük, o cümlədən sahibkarlığın və ticarətin inkişafına təkan verən digər sahələrdəki güzəştləri önəmli hesab edib. Əlverişli təbiətə malik Azərbaycanın çeşid və keyfiyyət baxımından müxtəlif meyvə-tərəvəz növlərinə sahib olduğunu söyləyən alim bu sahəyə əsaslı kapital qoyuluşu hesabına iqtisadiyyatda ciddi inkişafa nail olunacağına əminliyini bildirib.

Beləliklə, son dövrlər Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatı sahəsində mövcud potensialın düzgün dəyərləndirilərək inkişaf etdirilməsi istiqamətində uğurlu siyasətin aparıldığını amerikalı alimin tezis və mülahizələri də təsdiqləyir.