YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir İncəsənət Muzeyində “Kapri Trend. Kapri-İtaliyadan səyyar fotosərgi” adlı italyan sərgisi açılmışdır

Aprelin 25-də Müasir İncəsənət Muzeyində “Kapri Trend. Kapri-İtaliyadan səyyar fotosərgi” adlı italyan sərgisi açılmışdır.

Sərgi Kapri Fondunun Heydər Əliyev Fondu və Müasir İncəsənət Muzeyi ilə birgə əməkdaşlığı çərçivəsində təşkil edilmişdir.
Tədbirdə çıxış edən Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov iştirakçıları salamlamış və sərgi haqqında məlumat vermişdir. O, bu cür tədbirlərin iki ölkə arasında mədəni sahədə əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirmişdir.
Daha sonra çıxış edən Kapri Fondunun prezidenti Gionfranko Morqano son dərəcə müasir dizaynı ilə bu məkanı ziyarət edənləri heyrətləndirən Müasir İncəsənət Muzeyində açılmış bu sərginin təşkilində əməyi olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
Gionfranko Morqano sərgidə nümayiş olunan hər işin tamaşaçılara əsərləri təqdim olunan fotoqrafların sənətinə ən azı yeni nöqteyi-nəzərdən baxmaq imkanı verdiyini vurğulamışdır.
İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo Azərbaycanın təbii ehtiyatlarla yanaşı, insan resursları ilə də zəngin olduğunu bildirmişdir.
Ölkələrimiz arasında mədəniyyət sahəsindəki əməkdaşlığı daha da genişləndirməyin əhəmiyyətinə toxunan səfir, bu münasibətlərin gələcək inkişafı baxımından belə tədbirlərin təşkil olunmasının vacibliyini vurğulamışdır.
Azərbaycan və İtaliyanın gələcəkdə mədəni sahədə əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyindən danışan Ciampaolo Kutillo iki ölkə arasında münasibətlərin bir çox sahələrdəki əməkdaşlıqla daha da zənginləşəcəyini diqqətə çatdırmışdır.
Sərginin insanların xeyirxah dəstəyi, gərgin əməyi və nəhəng yaradıcılıq səyi olmadan baş tutmasının mümkünsüzlüyünü diqqətə çatdıran Kapri Fondunun kuratoru Denis Kurti bu işə kömək göstərmiş hər kəsə təşəkkür etmişdir.
Denis Kurti bu cür tədbirlərin işgüzar təşəbbüslərin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının yaradılmasına və ikitərəfli mədəni əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini vurğulamışdır.
Kapri Fondu 2009-cu ildə sahibkarlar qrupu və yerli hökumət orqanları tərəfindən Kapri adasının inkişafı məqsədilə yaradılmışdır. Beş illik səmərəli fəaliyyətdən sonra mədəniyyət, müasir incəsənət, fotoqrafiya və rəqslərə həsr olunmuş tədbirlər, Kapri Trendvoçinq Festivalı çərçivəsində tədqiqatlar, xəstəlik tarixçəsi, seminarlar və açıq mühazirələr vasitəsilə gələcəyin eskizləri hazırlanmışdır.
Kapri Fondu fəaliyyətinin beş illiyinə həsr olunan “Kapri Trend” adlı ilk sərgisini beş müxtəlif ölkədə təqdim edəcəkdir.
Müasir İncəsənət Muzeyində açılan sərgidə məşhur italyan fotoqrafları Ferdinando Skianna, Olivo Barbyeri, Mauritsio Qalimberti, Françesko Codise və İrene Kunin 30-a yaxın əsərləri nümayiş olunacaqdır.
Bu fotoəsərlər Kaprinin mədəniyyətini və gözəlliyini xaricdə tərənnüm edən müəllif yanaşması və müasir baxışı təbliğ edir.
Sərgi mayın 31-dək davam edəcəkdir.