YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın ilk dəfə olaraq Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanında təmsil olunması ölkəmizin növbəti beynəlxalq uğurudur

Azərbaycanın əmək, məşğulluq və sosial müdafiə sahəsində dünyanın ən nüfuzlu təşkilatının - Beynəlxalq Əmək Təşkilatının (BƏT) siyasətini müəyyən edən bir orqanda təmsil olunmaq hüququ qazanması Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə aparılan uğurlu islahatlara beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətin növbəti təzahürüdür.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

S. Müslümov bildirib ki, Azərbaycan BƏT-in siyasi qərarlarının qəbulunda iştirak hüququ qazanıb.

Qeyd edib ki, ötən dövrdə BƏT-lə geniş əməkdaşlıq gündəliyinə və uğurlu əməkdaşlıq təcrübəsinə malik olan, əmək və məşğulluq, sosial müdafiə sahələrində mütərəqqi beynəlxalq təşəbbüslərə fəal şəkildə qoşulan Azərbaycan bu amillər nəzərə alınmaqla BƏT-in Rəhbər Orqanına üzvlüyə namizədliyini irəli sürmüşdü: “İyunun 5-dən 16-dək BƏT-in üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyasında gündəlikdə duran əsas məsələlərdən biri də BƏT-in Rəhbər Orqanına (İLO Governing Body) 2017-2020-ci illər üçün seçkilərin keçirilməsi idi. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən BƏT-in Baş direktoru Qay Rayder və digər rəsmi şəxsləri ilə görüşlər zamanı bu məsələ diqqətdə saxlanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrdə aparılan sistem xarakterli islahatlar barədə geniş məlumatlar verilmiş, ölkəmizin namizədliyinin dəstəklənməsi yönündə geniş məsləhətləşmələr aparılıb. Beləliklə, sessiyada obyektiv şəraitdə keçən seçkilər zamanı Azərbaycanın BƏT-in Rəhbər Orqanına üzvlüyə namizədliyinin dəstəklənməsi Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişaf şəraitində əmək və sosial hüquqların təminatı mexanizminin innovativ əsaslar üzərində qurulması, əmək resurslarından səmərəli istifadənin reallaşdırılması, layiqli əməyin təminatı, sosial dialoqun inkişafı və s. sahələrdə atılan mühüm addımların beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilməsinin əməli təsdiqi oldu. Bu, eyni zamanda, beynəlxalq səviyyədə ölkəmizə olan böyük inam və etimadın daha bir göstəricisidir”.

Nazir qeyd edib ki, bununla Azərbaycan BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunur: “Bu isə beynəlxalq əmək standartlarının hazırlanması, təbliği və tətbiqi üzrə geniş fəaliyyət spektrinə malik olan BƏT-in siyasi qərarlarının qəbulunda, əmək, məşğulluq, layiqli əmək, sosial müdafiə sahəsi üzrə beynəlxalq səviyyədə mütərəqqi təşəbbüslərin təbliğində və yayılmasında Azərbaycanın yaxından və fəal iştirakına, BƏT-lə praktik əməkdaşlıq müstəvisinin daha da genişlənməsinə şərait yaradacaq”.

Daha sonra S.Müslümov ötən həftə ölkəmizin daha bir uğura imza atdığını və Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin Azərbaycana İKT-nin uğurlu tətbiqi sahəsində beynəlxalq səviyyədə ilk mükafatı qazandırdığını diqqətə çatdırıb. Nazir vurğulayıb ki, son illərdə aparılan islahatlar nəticəsində formalaşdırılan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi, avtomatlaşdırılmış sığorta-pensiya sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi bu gün yalnız Azərbaycan miqyasında deyil, artıq mötəbər beynəlxalq qurumlar tərəfindən dünya miqyasında qabaqcıl təcrübə nümunələri kimi dəyərləndirilir: “O cümlədən üç il bundan əvvəl MDB məkanında ilk dəfə Azərbaycanda qurulan və tətbiqinə başlanılan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi dünyada böyük maraqla qarşılanan və yüksək qiymətləndirilən elektron nailiyyətlər sırasındadır. BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları” müsabiqəsində də bu bir daha öz təsdiqini tapdı. Dünya üzrə 467 elektron layihənin təqdim edildiyi və onlardan seçilmiş 345 layihənin iştirak etdiyi bu beynəlxalq miqyaslı müsabiqədə Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi “İKT Proqramları: E-Məşğulluq” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən, ümumən müsabiqə nəticəsində səsvermə ilə müəyyən edilən 90 “Çempion layihə”dən biri olub. Azərbaycandan ilk elektron layihə olaraq BTİ-nin “Çempion layihə” mükafatına layiq görülən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi bununla 193 ölkəni, 700-ə yaxın texnoloji şirkəti əhatə edən BTİ tərəfindən İKT-nin tətbiqi üzrə Azərbaycana ilk mükafatı qazandırıb”.

Nazir sözügedən elektron sistemin istifadəyə verildiyi vaxtdan “Elektron hökumət”in əhatə dairəsinin genişlənməsində xüsusi önəm kəsb etdiyini bildirib: “Misal üçün, cari ilin 20 iyun tarixinə olan məlumata əsasən, ümumilikdə 450 elektron xidmətin göstərildiyi “E-hökumət” portalına ötən dövrdə edilən müraciətlərin təqribən 18,2 faizi və ya 8 milyon 663 min 776-sı Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə edilən müraciətlər olub”.