YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı keçirilir

İyunun 16-da Bakıda "Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq" mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı keçirilir.

Konfrans ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdış gününün – 15 iyun tarixinin Milli Məclisin qərarı ilə Milli Qurtuluş Günü elan edilməsinin 20 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 18 iyun tarixinin İnsan Hüquqları Günü kimi təsis olunmasının 10 illiyinə həsr edilib.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ölkəmizin 25 ildən artıq müddətdə davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal altında olmasına baxmayaraq, sürətlə inkişaf edərək dünya dövlətləri arasında özünə layiqli yer tutduğunu vurğulayıb. Son illər Azərbaycanda bütün sahələrdə həyata keçirilən əsaslı islahatlardan danışan ombudsman dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunan Strateji Yol Xəritələrinin ölkəmizin yeni dövrün tələbləri əsasında daha sürətli inkişafını təmin edəcəyinə əminliyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov konfransda çıxış edib. Professor Əli Həsənov bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bu qlobal təşəbbüsə qoşulan dövlətlərin zəruri resurslara malik olması mühüm şərtdir. Müstəqillik illərində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər, hazırkı inkişaf səviyyəsi göstərir ki, ölkəmiz qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü potensiala malikdir.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün Azərbaycan güclü iqtisadiyyata, dayanıqlı siyasi-hüquqi və sosial-müdafiə sisteminə, təhlükəsiz və sabit ictimai-siyasi mühitə, yenilənmiş infrastruktura malik, beynəlxalq təşkilatlara inteqrasiya olunmuş bir dövlətdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin sağlam qüvvələrini, bacarıqlı, vətənpərvər və intellektual insanlarını ətrafına toplayaraq böyük vəzifələrin öhdəsindən uğurla gəldi və Azərbaycanın yüksəlişinin əsaslarını yaratdı. Onun rəhbərliyi və iradəsi ilə demokratik, hüquqi dövlətə və azad cəmiyyətə xas olan institutlar və təsisatlar, bazar münasibətlərinə əsaslanan iqtisadiyyat, ədalətli sosial siyasət formalaşdırıldı, mədəniyyət, təhsil, səhiyyə, idman və ekoloji problemlərə diqqət artırıldı.

Dövlətimizin başçısı İlham Əliyevin Prezident kimi fəaliyyəti dövrünə konseptual baxımdan qiymət verən Əli Həsənov bu dövrü “fasiləsiz islahatlar və modernləşmə dövrü” kimi xarakterizə edib. Əli Həsənov bildirib ki, bu dövr sosialist təsərrüfat sistemindən yeni sistemə keçidin başa çatması ilə də tarixə düşüb.

Çıxışının sonunda Əli Həsənov bəyan edib ki, Azərbaycanda hazırlanan inkişaf konsepsiya və strategiyaları, proqram və layihələr bir qayda olaraq, BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır. Bu da onu göstərir ki, Azərbaycan dövləti öz siyasətini qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur.

Milli Məclisin sədr müavini Bahar Muradova ölkəmizdə ombudsman təsisatının uğurlu fəaliyyətini qeyd edərək, bu sahədə xeyli iş görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri artıq formalaşdırılıb və bunun əsasında qəbul olunan qərarlar bu nəticələrə nail olunmasında öz mühüm töhfəsini verir. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında hazırda regionda və dünyada baş verən münaqişələrin ciddi əngəl törətdiyini qeyd edən Bahar Muradova bildirib ki, beynəlxalq hüququn prinsiplərinin aşkar şəkildə pozulması faktı ilə qarşılaşmasına baxmayaraq Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq bu sahədə vacib addımlar atır.

BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxışında Dayanıqlı İnkişaf Məqsədləri və insan hüquqlarının qorunmasını təmin edən institutlar arasında əlaqələndirmə işinin təşkili məsələlərindən danışıb. Bildirib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri bütün üzv dövlətləri insan hüquq və azadlıqlarının təmin olunmasına çağırır.

Qeyd olunub ki, BMT Prezident İlham Əliyevin Fərmanına əsasən, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını alqışlayır. Bu, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə ən yüksək səviyyədə sadiq qaldığını nümayiş etdirir. Ölkəmizdə ombudsman təsisatının fəaliyyətindən məmnunluğunu diqqətə çatdıran Q.İshaqzai bildirib ki, BMT-nin Azərbaycandakı ofisi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində həyata keçirilən tədbirləri fəal şəkildə dəstəkləyir.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Hicran Hüseynova və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdilər.

Konfrans işini davam etdirir.