YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sərtac Əziz: Pakistan Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə Pakistan Respublikası Baş nazirinin xarici işlər üzrə məsləhətçisi Sərtac Əziz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ortaq tarixi, mədəni və dini dəyərlərlə xarakterizə olunan Azərbaycan-Pakistan əlaqələrinin bütün sahələrdə uğurla inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Həmçinin nazir ölkə başçılarının qarşılıqlı səfərlərinin, bu yaxınlarda Pakistanın Baş nazirinin Azərbaycana səfərinin, eyni zamanda, beynəlxalq və regional arenada qarşılıqlı dəstəyin ölkələr arasında əlaqələrin əhəmiyyətli inkişafına təkan verdiyini qeyd edib.

E.Məmmədyarov ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın Azərbaycan və Pakistan xalqlarının firavanlığına, eyni zamanda, regional sülhə, təhlükəsizliyə və davamlı inkişafa xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Həmçinin iki ölkə arasında uğurlu əməkdaşlığın, qarşılıqlı inam və anlaşmaya əsaslanan Azərbaycan-Pakistan dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında tezliklə həllinə dair Pakistanın prinsipial mövqeyinə, həmçinin bununla bağlı Pakistan Senatı və Milli Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrə görə təşəkkürünü bildirib.

Pakistan Baş nazirinin xarici işlər üzrə məsləhətçisi Sərtac Əziz Elmar Məmmədyarova ünvanladığı məktubunda Pakistan və Azərbaycan arasında tarixi, dini və mədəni əlaqələrin ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlıqda təzahür etdiyini diqqətə çatdırıb.

S.Əziz Pakistanın siyasi, iqtisadi, enerji və müdafiə sahələrində qardaş Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu ifadə edib. O, Azərbaycan xalqına davamlı sülh və firavanlıq arzulayıb.

DİGƏR Xəbərlər Arxiv