YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in Daimi Şurasında GUAM-a üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə olunub

İyunun 8-də Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi səfir Altay Əfəndiyev Vyanada ATƏT-in Daimi Şurasının növbəti iclasında çıxış edib. A.Əfəndiyev çıxışında bu il GUAM-ın beynəlxalq təşkilat kimi yaradılmasının 20 illiyinin qeyd edildiyini xatırladaraq, keçən bu müddət ərzində təşkilatın üzv dövlətlərin ümumi maraqları və strateji məqsədlərinin birliyinə əsaslanan vacib regional əməkdaşlıq formatına çevrildiyini diqqətə çatdırıb.

Təşkilata üzv dövlətlərin ortaq problem və çağırışlarla üzləşdiyini qeyd edən baş katib GUAM məkanında mövcud olan münaqişələrin bu dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə təhdid törətdiyini vurğulayıb, münaqişələrin regionun demokratik inkişafına əngəl yaratdığını, regional əməkdaşlıq və inkişafa maneə olduğunu bildirib. O, bu münaqişələrin müstəsna olaraq aidiyyəti dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

GUAM-ın baş katibi üzv dövlətlərin üzləşdiyi ciddi təhlükəsizlik təhdidlərinə baxmayaraq, ortaq maraq kəsb edən müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirdiyini və bu yolla regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə ciddi töhfə verdiyini deyib. Bu xüsusda, GUAM Nəqliyyat Dəhlizinin inkişafı, GUAM Azad Ticarət Zonasının yaradılması, transmilli mütəşəkkil cinayətkarlıqla birgə mübarizə, kiber-təhlükəsizliyin təmin olunması kimi bir sıra istiqamətlərdə mühüm nailiyyətlər əldə edildiyi ATƏT iştirakçı dövlətlərinin diqqətinə çatdırılıb. Xüsusilə GUAM Nəqliyyat Dəhlizinin reallaşmasının Asiya və Avropa arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi qeyd edilib.

Baş katib təşkilatın strateji əhəmiyyət kəsb edən GUAM regionunun sülh, sabitlik, təhlükəsizlik, əməkdaşlıq və davamlı inkişaf məkanına çevrilməklə bağlı ciddi çağırışlarla üzləşdiyini bildirərək, beynəlxalq ictimaiyyəti və ATƏT-i GUAM ölkələrinin qeyd edilən istiqamətdə səylərini dəstəkləməyə çağırıb.

İclasda GUAM-a üzv dövlətlərin - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın nümayəndələri ilə yanaşı, Avropa İttifaqı, ABŞ və Türkiyənin ATƏT yanında daimi nümayəndələri çıxış edib, GUAM-ın regional sülh, sabitlik və inkişafın təmin edilməsində rolunu, təşkilata üzv dövlətlərin bu istiqamətdə səylərini yüksək qiymətləndiriblər.

Natiqlər GUAM məkanında mövcud olan münaqişələrin həllinin uzanmasının sülh və sabitlik üçün təhdid yaratdığını, bununla bağlı GUAM-a üzv dövlətlərin narahatlıqlarını bölüşdüklərini qeyd ediblər. Həmçinin münaqişələrin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməklə həllinin vacibliyi vurğulanıb.