Xəbərlər
Elman Məmmədov: Münaqişə davam edərsə, Ermənistanın vəziyyəti daha da ağırlaşacaq
«Ermənilərin nə deməsindən asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, dövlətimizin başçısı Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini bəyan edib. Onun sözlərinə görə, danışıqlar prosesində irəliləyiş olmazsa, sülhün alternativi ən azı, qarşısıalınmaz silahlanma yarışı, təmas xəttində mütəmadi insidentlər olacaq.
«Bu isə o deməkdir ki, Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirərsə özü üçün problem yaradacaq. Çünki işğalçı dövlət dərin böhran içərisindədir. Münaqişə davam edərsə, Ermənistanın vəziyyəti daha da ağırlaşacaq. Üstəlik, Azərbaycan öz gücünə ərazi bütövlüyünü təmin etmək hüququndan istifadə edəcək. Bu mövqe dövlətimiz tərəfindən dəfələrlə bəyan olunub»- deyə, E.Məmmədov qeyd edib.