YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Luis Gilyermo Solis: Kosta-Rika Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Kosta-Rika Respublikasının Prezidenti Luis Gilyermo Solis Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə E.Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Prezident Luis Gilyermo Solisə çatdırıb. Prezident Luis Gilyermo Solis, öz növbəsində, salamlarının və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Elmar Məmmədyarov ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunduğunu deyərək, xüsusilə son dövrlər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı baxımından əlamətdar olduğunu bildirib və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlər mübadiləsinin xüsusi önəm daşıdığını vurğulayıb.

Azərbaycanda son illər iqtisadi, sosial və maliyyə sahəsində həyata keçirilmiş islahatlar, əlverişli biznes mühiti barədə Prezident Luis Gilyermo Solisi məlumatlandıran E.Məmmədyarov iqtisadi-ticarət, turizm, enerji, logistika, gəmiqayırma sahələrində əməkdaşlıq üçün geniş imkanlar olduğunu vurğulayıb. O, həmçinin Kosta-Rikanın “ASAN viza” sisteminə daxil edilməsinin bu ölkədən Azərbaycana turist axınına təkan verəcəyinə ümidvar olduğunu deyib.

Azərbaycanın uğurlu inkişaf strategiyasının təqdirəlayiq olduğunu deyən Prezident Luis Gilyermo Solis ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.