YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Ölkə ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması istiqamətində mühüm tədbirlər görülür

«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə özəl bölmənin inkişafına böyük diqqət və qayğısı nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılıb.  Azərbaycanın nəqliyyat, tranzit və logistika imkanlarının genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib, iri infrastruktur layihələri icra edilib və hazırda yeni layihələr həyata keçirilir». Bu fikirləri iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Limanı Kompleksinin tikintisi, Bakı Gəmiqayırma Zavodunun uğurlu fəaliyyəti, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması, Şimal-Cənub dəhlizinin inkişafı istiqamətində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri buna əyani misallardır. Onun sözlərinə görə, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin təşviqi, bu dəhlizlərə əlavə yüklərin cəlb edilməsi məqsədilə keçən ilin aparel və sentyabr aylarında Vaşinqtonda və Vyanada, bu ilin 28 fevral tarixində isə Pekində “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” adlı forumlar təşkil olunub, Azərbaycanın nəqliyyat imkanlarının təşviqi istiqamətində təqdimatlar keçirilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

«Ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri ilə yanaşı, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarını cəlb edilməsi istiqamətində mühüm tədbirlər görülür. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülmüş işlər sayəsində yükdaşıyıcıları üçün keçid prosedurları sadələşdirilib, gediş-gəliş xərcləri təqribən 40 faizədək aşağı salınıb ki, bunun nəticəsi olaraq 2017-cı ilin 1-ci rübündə ölkəmizin ərazisindən 7500 TIR keçib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 50% çoxdur. 2016-cı ilin 1-ci rübü ilə müqayisədə bu ilin 1-ci rübündə yükdaşımalar ümumilikdə 26% artıb, qeyri-neft məhsullarında isə 50% artım müşahidə olunub. Bu ilin 1-ci rübündə ölkə ərazisindən 3 milyon ton yük daşınıb»- deyə, nazir vurğulayıb.