YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-da keçirilən konfransda Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vacibliyi vurğulanıb

ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Heritic Fondunda “Cənubi Qafqaz: Tramp Administrasiyası üçün çətinliklər və fürsətlər” mövzusunda konfrans keçirilib. Konfransda Enerji və Təbii Resurslar Mərkəzinin direktoru Ariel Kohen, Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Niftiyev və Heritic Fondunun Xarici Siyasət Mərkəzinin direktoru Luk Koffi çıxış ediblər.

İngiltərənin keçmiş Baş naziri Marqaret Tetçerin köməkçisi olmuş Nayl Qardinerin moderatorluğu ilə keçirilən tədbirdə çıxışçılar Tramp administrasiyasına Cənubi Qafqaz regionu ilə bağlı təkliflər irəli sürüblər. Qeyd edək ki, Heritic Fondu respublikaçı mühafizəkar beyin mərkəzidir və Tramp administrasiyası bu qurumda səsləndirilən fikirlərə xüsusi əhəmiyyət verir.

Ariel Kohen Cənubi Qafqaz regionunun ABŞ üçün hər zaman strateji əhəmiyyət daşıdığını və Tramp administrasiyasının bölgədəki rolunun artırılmalı olduğunu bildirib. Cənubi Qafqazda başqa dövlətlərin aktivliyini nəzərə çatdıran A.Kohen ABŞ-ın region ölkələri ilə əməkdaşlığa xüsusi diqqət ayırmasının zəruriliyini qeyd edib.

Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Niftiyev isə məruzəsində Azərbaycanın və Gürcüstanın ABŞ-ın strateji müttəfiqləri olduğunu, bu ölkələrin strateji nəqliyyat koridorları, enerji layihələrində Amerika ilə ortaq maraqları olduğunu vurğulayıb. ABŞ və bölgə ölkələri arasında ticarət həcminin lazımi səviyyədə olmadığını bildirən Ə.Niftiyev bununla bağlı son zamanlarda geniş imkanlar yarandığını və ABŞ üçün investisiya fürsətləri olduğunu vurğulayıb. Azərbaycanın qaz resurslarını Avropa ölkələrinə çatdıracaq Cənub Qaz Dəhlizinin əhəmiyyətini nəzərə çatdıran direktor bu sahədə ABŞ-ın göstərdiyi siyasi dəstəyin davam etməli olduğunu bildirib. O, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir həll olunmadığını və Azərbaycanın 20 faiz ərazisinin hələ də işğal altında qaldığını deyib, ABŞ hökumətinin bununla bağlı səylərinin artmasının həm münaqişənin həllinə kömək edəcəyini, həm də regionda iqtisadi inkişafa təkan verəcəyini bildirib. Ə.Niftiyev Ermənistan tərəfindən bölgədəki strateji infrastruktur və enerji layihələrinə qarşı təhlükələr yaradıldığını da vurğulayıb.

Çıxış edən Luk Koffi ABŞ-ın regiondakı siyasətinin əsas parametrlərinin bölgə ölkələrinin suverenliyinin gücləndirilməsinə və sabitliyin qorunmasına yönəlməli olduğunu qeyd edib. O, ABŞ administrasiyasının Azərbaycan və Gürcüstanla radikal terrora qarşı birlikdə mübarizə apara biləcəyini və hər iki ölkənin bu sahədə mühüm rol oynayacağını ifadə edib. ABŞ-ın yeni administrasiyasının regionda münaqişələrin həllinə diqqəti artırmasının vacibliyi barədə danışarkən Luk Koffi Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonunun işğal olunduğunu söyləyib və bütün münaqişələrə eyni yanaşmanın tətbiqinin zəruriliyini vurğulayıb.

Sonra konfransda auditoriyanın sualları cavablandırılıb.

DİGƏR Xəbərlər Arxiv