YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cakartada 28 May – Respublika Günü təntənəli şəkildə qeyd edilib

Azərbaycanın İndoneziyadakı səfirliyi 28 may - Respublika Günü münasibətilə “Hotel İndonesia Kempinski Jakarta” mehmanxanasında rəsmi qəbul təşkil edib.

Tədbirdə İndoneziyanın inzibati və bürokratik islahatlar naziri Asman Abnur, ərazi və şəhərsalma naziri Sofyan Cəlil, xarici işlər nazirinin birinci müavini Mohammad Faxir, Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Qatot Deva Broto, Korporativ, Kiçik və Orta Müəssisələr Nazirliyinin fond idarə agentliyinin rəhbəri Kemas Daniyel, İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, QHT rəhbərləri, iş adamları, İndoneziyada fəaliyyət göstərən diplomatik missiyaların nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Səfir Tamerlan Qarayev 1918-ci ildə Şərqdə təsis edilən ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa tarixi barədə məlumat verib. Vurğulayıb ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan 1918-ci ildəki Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. İndoneziyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğu, 1992-ci ilin sentyabrında isə iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu diqqətə çatdırılıb.

Müstəqilliyin bərpasının ilk vaxtlarında Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasət nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunmasına baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyi, hazırkı inkişafın əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyi və hazırda Bakıda davam edən IV İslam Həmrəyliyi Oyunları, iyunda baş tutacaq “Formula-1” yarışları barədə məlumat verilib. Səfir, həmçinin 2015-ci ildə Bakıda keçirilmiş Birinci Avropa Oyunları, ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, eləcə də dünya miqyasında sülhə, əməkdaşlığa və inkişafa töhfə verən digər layihələrdən danışıb.

Azərbaycan və İndoneziya arasında əlaqələr haqqında məlumat verən diplomat ikitərəfli əlaqələrin sürətli inkişafından məmnunluğunu ifadə edib.

İndoneziyanın inzibati və bürokratik islahatlar naziri Asman Abnur öz növbəsində cari ildə İndoneziya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini, İndoneziya-Azərbaycan ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Ötən illərdə xüsusən enerji sektorunda ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyi, digər sahələrdə böyük potensialın olduğunu vurğulayıb. Xüsusilə ictimai xidmətlərin göstərilməsi sahəsində məşhur Azərbaycan brendi, 2015-ci ildə BMT-nin ictimai xidmətlər üzrə mükafatına layiq görülmüş “ASAN xidmət”dən bəhs edib. Bu sistemin İndoneziyada tətbiq edilməsi istiqamətində Azərbaycan tərəfi ilə əməkdaşlığın yaradılması istiqamətində işin davam etdiyini bildirib.

Tədbirdə iştirakçılara hazırda davam edən IV İslam Həmrəyliyi Oyunları, Birinci Avropa Oyunları, “Formula-1” yarışları, ölkəmizin turizm potensialı, Azərbaycanın tarixi-mədəni irsi, habelə Ermənistanın işğalı altında olan ərazilərimizdə tarixi və mədəni abidələrin dağıdılması haqqında videomaterial və çarxlar nümayiş etdirilib. Qonaqlara “Bakı” və “İRS” jurnalları, eləcə də ölkəmiz haqqında digər nəşr və materiallar paylanılıb.