YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər katibi Təhminə Janjua: Pakistanın Azərbaycan ilə əlaqələri mühüm əhəmiyyət kəsb edir

Pakistan Xarici İşlər Nazirliyinin İslamabaddakı Strateji Tədqiqatlar İnstitutunda Pakistanla Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar “Pakistanın Mərkəzi Asiya respublikaları və Azərbaycan ilə əlaqələri: Perspektivlər və çağırışlar” adlı seminar keçirilib.

Seminarda Pakistanın xarici işlər katibi Təhminə Janjua, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Pakistandakı səfirləri, mütəxəssislər, ictimaiyyətin nümayəndələri və media mənsubları iştirak ediblər.

Tədbirdə çıxış edən xanım T.Janjua Pakistanın Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin mühüm əhəmiyyət kəsb etdiyini, münasibətlərin dərin mədəni və tarixi köklərə bağlı olduğunu söyləyib. O, ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin vacib rol oynadığını diqqətə çatdırıb.

Xarici işlər katibi Pakistanla Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərin genişləndirilməsində regional bağlantının və iqtisadi əməkdaşlığın mühüm faktor olduğunu bildirib, bu istiqamətdə araşdırma və təşəbbüslərin davam etdirildiyini deyib.

Ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə Azərbaycan-Pakistan əlaqələrinin sınaqdan keçmiş möhkəm əsaslar üzərində qurulduğunu, əməkdaşlığımızın dostluq və qardaşlıq telləri ilə bağlı olduğunu söyləyib. O, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu, ölkəmizin müstəqilliyinin çətin vaxtlarında, Azərbaycanın erməni terrorizmi və müharibə ilə üzləşdiyi zamanda Pakistanın Azərbaycana öz dəstəyini göstərdiyini və bunun unudulmadığını bildirib.

Səfir Pakistanın daim Ermənistanın işğalçılıq siyasətini qınadığını və bu günədək Ermənistanı bir dövlət kimi tanımadığını vurğulayıb, buna görə Pakistan dövlətinə və xalqına təşəkkür edib. Azərbaycanın da hər zaman qardaş Pakistana öz dəstəyini göstərdiyini ifadə edən səfir ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın Pakistanla əlaqələrinin möhkəm əsasının qoyulduğunu, bu əlaqələrin hazırda ölkə rəhbərləri tərəfindən uğurla davam etdirildiyini, müəyyən zaman çərçivəsində münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını diqqətə çatdırıb.

Ə.Əlizadə Azərbaycanın Pakistanla iqtisadi, mədəni, turizm və müdafiə sənayesi sahələrində əlaqələrinin daha da inkişafının prioritet istiqamətlərdən olduğunu, hər iki ölkədə həyata keçirilən iqtisadi layihələrdən yararlanmaq imkanlarının çox olduğunu vurğulayıb. Bu ilin yanvar ayından başlayaraq Azərbaycanda “ASAN viza” elektron viza sisteminin tətbiqi ilə bağlı məlumat verən səfir pakistanlı iş adamlarının və turistlərin Azərbaycana səfər prosedurunun xeyli sadələşdirildiyini qeyd edib, həyata keçirilən işlər nəticəsində turizm, mədəniyyət, iqtisadiyyat sahələrində əməkdaşlığın daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.

Səfir Azərbaycanın Pakistanı hər zaman güclü, stabil, təhlükəsiz və inkişaf edən ölkə kimi görmək istədiyini bildirib, diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin əbədi olacağına əminliyini ifadə edib.

Daha sonra Mərkəzi Asiya ölkələrinin Pakistandakı səfirləri, İslamabad Strateji Tədqiqatlar İnstitutunun, Sülh və Diplomatik Araşdırmalar İnstitutunun və Peşəvər Universitetinin məsul şəxsləri çıxış edərək Pakistanla Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin genişlənməsi ilə bağlı fikirlərini bildiriblər.