YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan-İordaniya əlaqələrinin inkişafında parlament diplomatiyasının rolu gündən-günə artır

Mayın 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravnehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

E.Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında müstəsna rolu barədə danışaraq Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya, İordaniya Kralı II Abdullahın Azərbaycana səfərlərinin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi və genişlənməsi üçün yeni imkanlar yaratdığını bildirib.

Siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da genişlənməsinə təkan verəcəyini bildirən nazir bu xüsusda ticarət, iqtisadiyyat və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusi qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi barədə qonaqları məlumatlandıran xarici siyasət idarəsinin rəhbəri münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində də tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həll edilməli olduğunu diqqətə çatdırıb. E.Məmmədyarov, həmçinin münaqişə ilə bağlı İordaniyanın tutduğu ədalətli mövqenin yüksək qiymətləndirildiyini qeyd edib.

Nazir dövlətlərarası, eləcə də xalqlararası təmasların gücləndirilməsində parlament diplomatiyasının rolunun gündən-günə artdığını bildirib. O, 2013-cü ildə İordaniya Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı bəyanatın qəbulunun mühüm əhəmiyyətə malik olduğunu deyib.

Atef Yusif Saleh əl-Taravneh İordaniya və Azərbaycan arasında münasibətlərin dostluq, qardaşlıq üzərində qurulduğunu, əlaqələrin inkişafı baxımından qarşılıqlı səfərlərin rolunu qeyd edib. O, turizm, sərmayələrin qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlər olduğunu əlavə edib.

Nazir Azərbaycanın beynəlxalq terrorçuluqla mübarizədə qətiyyətli mövqeyi ilə seçildiyini deyərək, Azərbaycan hökumətinin İslamın əsl dəyərlərinin dünyada təbliği və təşviqi istiqamətində gördüyü işlərin təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin beynəlxalq və regional əhəmiyyətli məsələlər barədə fikir mübadiləsi aparılıb.