YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: İslahatlar hər bir cəmiyyətin inkişafının fundamental əsasını təşkil edir

«İslahatlar hər bir cəmiyyətin inkişafının fundamental əsasını təşkil edir. Bütünlükdə bəşəriyyət nail olduğu inkişaf və tərəqqiyə görə islahatlara minnətdardır. Ayrı-ayrı tarixi şəraitdə və müxtəlif ölkələrdə reallaşan yeniliklər və yenidənqurmalar həyatın bütün sahələrinin təkmilləşməsinə təkan vermiş, insanlara daha səmərəli şəkildə işləmək və yaxşı yaşamaq imkanları yaratmışdır». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, müasir Azərbaycanı Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkləşən uğurlu islahatların parlaq nümunəsi hesab etməyə kifayət qədər əsaslar var. Onun sözlərinə görə, hazırda ictimai aktuallıq kəsb edən məqam ölkənin yeni transformasiya zolağına daxil olmasıdır. Azərbaycan yeni islahatlar mərhələsinə qədəm qoymuşdur və Prezident İlham Əliyev onu dərin islahatlar kimi səciyyələndirmişdir.

«Yeni islahatların zərurəti hər şeydən əvvəl inkişafın tədrici xarakterindən və islahatların sosial hadisə kimi təbiətindən qaynaqlanır. Bütün dövrlər üçün əbədi inkişaf modeli mövcud deyil. Azərbaycanda iyirminci yüzilliyin sonlarında ümummilli lider Heydər Əliyevin və iyirmi birinci yüzilliyin əvvəllərində Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar qarşıya qoyulmuş vəzifələri dolğun şəkildə reallaşdırdı. Ölkə möhtəşəm transformasiya dövrünü yaşadı, iqtisadi cəhətdən gücləndi, yeniləşdi və müasirləşdi. Həmin dövr üçün tətbiq olunan model özünün inkişaf imkanlarını bütünlüklə nümayiş etdirdi. Azərbaycan artıq daha yüksək inkişafa hazırdır və bu inkişaf yeni islahat, yeni ictimai-iqtisadi həyat modeli sayəsində reallaşmaqdadır. Dərin islahat konsepsiyasının işlənib hazırlanması və tətbiqi ölkənin inkişafını daha yüksək pilləyə çatdırmaq məqsədlərinə xidmət göstərir. Son on ilin yüksək inkişaf dinamikası növbəti mərhələlərin əsas hədəflərini müəyyənləşdirmişdir. Yeni transformasiya daha yüksək pillədə qərar tutan modernləşmə, daha cazibədar iqtisadi fəaliyyət və fəallıq mühiti, daha ahəngdar sosial münasibətlər sistemi təmin etmək istiqamətində səylərin məcmusu formasında təsəvvür edilə bilər. Əsas hədəf Azərbaycanın rəqabət qabiliyyətinin daha da artırılması, müasir istehsal texnologiyalarının və idarəetmə metodlarının uğurla tətbiq edilməsi, insana daha əlverişli yaşamaq və işləmək şəraitinin təmin edilməsidir»- deyə, Əli Əhmədov vurğulayıb.