YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kris Şlitter: “Cənub Qaz Dəhlizi”nin Gürcüstan hissəsi 2018-ci ilin ortalarında hazır olacaq

“Cənub Qaz Dəhlizi”nin Gürcüstan hissəsi 2018-ci ilin ortalarında hazır olacaq.

Bunu “BP Georgia" şirkətinin baş meneceri Kris Şlitter deyib.

O bildirib ki, layihənin Gürcüstan hissəsinə iki kompressor stansiyası, 65 kilometrlik boru kəməri və Türkiyə sərhədinə yaxın ərazidə ölçmə stansiyasının tikintisi daxildir. Boru kəməri üzrə tikinti işləri başa çatıb. Bir kompressor stansiyasının inşası üzrə işlərin 95 faizi, digər kompressor stansiyası üzrə 55 faizi icra olunub. Ölçmə stansiyasının tikintisi isə davam etdirilir. Bu il boru kəmərinə qaz vurularaq yoxlanılacaq.

"2016-ci ildə layihə üzrə kapital xərcləri 550 milyon dollar təşkil edib. Bu ilin birinci rübündə isə həmin göstərici 100 milyon dollar civarında olub. "Şahdəniz-2" çərçivəsində hasilatın ən yüksək həddinin 2020-ci ildən sonrakı bir neçə il ərazində olması gözlənilir", - deyə Kris Şlitter bildirib.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Layihənin seqmentlərini “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) layihələri təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi" dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.