YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Əməyin mühafizəsi insanların təhlükəsizliyini, sağlamlığını, iş qabiliyyətinin qorunmasını təmin edən tədbirlər sistemidir

«Əməyin mühafizəsi insanların təhlükəsizliyini, sağlamlığını, iş qabiliyyətinin qorunmasını təmin edən qanunvericilik, sosial-iqtisadi, təşkilati, texniki, gigiyenik və müalicəvi-profilaktik tədbirlər sistemidir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) statistik məlumatına əsasən, dünyada hər 15 saniyədə 153 istehsalat qəzası baş verir və bir işçi ölür. Nəticədə dünyada hər il əmək fəaliyyəti zamanı təxminən 339 milyon bədbəxt hadisə baş verir ki, bunun nəticəsində təqribən 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlak olanların sayı hər il təxminən 2 milyon 340 min nəfər təşkil edir.

«Digər tərəfdən, bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ÜDM-in 4 faizinin itirilməsinə səbəb olur. Bu onu göstərir ki, əməyin mühafizəsi mühüm ictimai-iqtisadi problem kimi dövlətin, icarəçilərin və işçi birliklərinin daim diqqət mərkəzində olmalıdır. Çünki əməyin mühafizəsinə aid potensial imkanların layiqincə dəyərləndirilməməsi, ona qarşı diqqətsizlik irimiqyaslı iqtisadi itkilərlə nəticələnir. Hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da qeyd edilən Ümumdünya Əməyin Mühafizəsi Gününun məqsədi istehsalatda və digər sahələrdə baş verə biləcək bədbəxt hadisələrin vaxtında qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəldilən ictimai diqqətin gücləndirilməsidir. Qeyd edim ki, Azərbaycan BƏT-in əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasını qəbul edib və onlardan 21-i əməyin mühafizəsinə və təhlükəsizliyinə aiddir»- deyə, komitə sədri vurğulayıb.