YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”yə aprelin 30-da Dövlət Bayrağı Meydanından start verilib.

Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.

Startdan əvvəl ötən il keçirilmiş marafonu işıqlandıran media nümayəndələrinin bir qrupuna mükafatlar təqdim olunub. Saat 10:00-da start götürən yarı marafonun məsafəsi 21 kilometrdir. Bakı Olimpiya Stadionunda başa çatacaq marafonun iştirakçıları atletlər, siyasətçilər, tanınmış şəxslər, incəsənət adamları, ictimaiyyət nümayəndələri və tələbələrdir. Respublikamızın bölgələri ilə yanaşı, ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, İran və digər ölkələrdən də iştirakçılar var. Yarışa 1000-dən çoxu xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə, 13 mindən artıq insan qatılıb.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə idman vasitəsilə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Yarışın fan zonası Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar nəzərdə tutulur. Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

İlk dəfə ötən il mayın 1-də keçirilən Bakı Marafonunda 7 mindən çox idman həvəskarı iştirak edib.

Bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir. Marafon yarışları idman tədbiri olmaqla yanaşı, həm də xeyriyyə məqsədi daşıyır. 1981-ci ildə keçirilən məşhur London marafonu ən böyük xeyriyyə tədbiri kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. Hazırda dünyanın bir çox ölkələrində xeyriyyə məqsədli marafonlar təşkil edilir.