YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xələf Xələfov: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın rolu böyükdür

Xarici İşlər Nazirliyində Azərbaycan və Fransa arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Fransanı Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjən təmsil edib.

X.Xələfov Azərbaycan ilə Fransa arasında siyasi münasibətlərin səviyyəsinin məmnunluq doğurduğunu bildirib, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini deyib. Hər iki ölkə prezidentinin qarşılıqlı səfərlərini və tərəflər arasında mövcud olan siyasi dialoqu yüksək qiymətləndirən nazir müavini əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.

Xarici işlər nazirinin müavini ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib və fransız şirkətlərini Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar layihələrdə daha fəal iştiraka dəvət edib. O, iki ölkə arasında mədəni və humanitar əlaqələrin inkişaf etdiyini, turizm sahəsində irəliləyişə nail olunduğunu diqqətə çatdırıb.

Florans Manjən bildirib ki, Azərbaycan-Fransa münasibətləri çox yüksək səviyyədədir və dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığa mühüm töhfələr verir. O əlavə edib ki, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi beynəlxalq və regional məsələləri birgə müzakirə etməyə imkan yaradır.

X.Xələfov bildirib ki, Minsk qrupunun həmsədr ölkəsi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın rolu böyükdür. Fransanın da marağında olduğu regional inkişafa bu gün ən böyük maneə Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə nəticələnən bu münaqişədir.

Münaqişənin həllini Fransa üçün prioritet adlandıran Florans Manjən bildirib ki, bu məsələ rəsmi Parisin gündəliyindədir və Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi öhdəliklərinə sadiqdir. O əlavə edib ki, onun ölkəsi münaqişə tərəfləri arasında danışıqların bərpasına töhfə verməyə hazırdır və bununla əlaqədar sammitin keçirilməsini təklif edib.

X.Xələfov, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyətinə toxunub və münasibətlərin qarşılıqlı, davamlı və uzunmüddətli olmasının vacibliyini xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan-Fransa Hökumətlərarası Komissiyasının fəaliyyəti, gündəlikdə duran məsələlər müzakirə edilib və enerji sahəsində qurulmuş əməkdaşlıq təqdir edilib. X.Xələfov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri barədə məlumat verib. Florans Manjən sözügedən nəqliyyat layihələrində iştirak etməkdə, həmçinin hava nəqliyyatı sahəsində və Azərbaycanda metronun yenidən qurulması işində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlər ətrafında geniş müzakirələr aparılıb.