YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri Avropa Şurasında qaldırılıb

Qaçqın və məcburi köçkün qadınların vəziyyəti, cəmiyyətin bu həssas təbəqəsinə münasibət Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında müzakirəyə çıxarılan ayrıca məruzədə ətraflı təhlil edilib.

Avstriyalı deputat Vurn Giselanın hazırladığı “Qaçqın və məcburi köçkün qadınların gender əsaslı zorakılıqlardan qorunması” adlı həmin məruzə ilə bağlı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov fikirlərini bildirərək deyib: “1990-cı illərin əvvəllərində Azərbaycan qaçqın düşərgələrindəki həyatla bağlı yazı hazırlamaq istəyən amerikalı jurnalist Beti Bleyer qaçqın və məcburi köçkün uşaqlara birdəfəlik istifadə üçün nəzərdə tutulmuş çoxlu fotokameralar paylayıb və xahiş edib ki, onlar öz çətin həyatlarının ən təsirli hesab etdikləri səhnələrini çəksinlər. Həmin fotolardan biri məni son dərəcə təsirləndirdi. Uşaqlardan biri iri planda anasının qabarlı əllərini çəkmişdi. Foto məni o qədər riqqətə gətirdi ki, həmin qaçqın düşərgəsinə gedərək çox namünasib şəraitdə, yayın qızmarında, qışın soyuğunda düzənlik bir ərazidə çadırda yaşamağa vadar qalmış həmin ailəni, o qadını tapdım.

Ermənistan ona dəstək verən qüvvələrin köməyi ilə Azərbaycan ərazisinin 20 faizi zəbt edib. Bir milyon qaçqını və məcburi köçkünü olan Azərbaycan 1990-cı illərin əvvəllərində müstəqilliyinin mübarizəli, problemli başlanğıc dövrünü və iqtisadi sıxıntılar yaşayırdı. İndi Azərbaycanda dövlətin qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirdiyi genişmiqyaslı ardıcıl siyasət nəticəsində ölkədə qaçqın düşərgəsi qalmayıb. Onlar xüsusi inşa edilmiş nümunəvi qaçqın şəhərciklərində məskunlaşıblar. O vaxt isə vəziyyət çətin idi. Qaçqın və köçkünlərimiz çadırlara, köhnə vaqonlara, yataqxanalara sığınmağa məcbur olmuşdular. Əllərinin fotosunu gördüyüm həmin qadın tarlada çalışırdı. Mən ona yaxınlaşanda işini yarımçıq qoyub görüşməyə gəldi, əllərimi sıxdı. Sanki ən ağır fiziki əməklə məşğul olan bir kişinin kobud əllərini sıxırdım. Bu, döyənək bağlamış barmaqlar zərif qadın əllərinə qətiyyən bənzəmirdi. Onun əllərinin şəklini fotoda görəndə keçirdiyim sarsıntıdan da ağır bir hiss məni bürüdü. Bu qadın evindən-eşiyindən, doğma yurdundan didərgin salınmışdı”.

Adətən “zərif məxluq” adlandırılan qadının qaçqınlıq və məcburi köçkünlük müsibətlərini yaşayaraq çəkdiyi əzabların əslində dünyanın, insanlığın problemi olduğuna diqqət yönəldən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib: “Dünyaya sevilmək, qayğı göstərilmək, vəsf edilmək üçün gəlmiş bu qadın insanın yaşaya bilməyəcəyi şəraitdə ömür sürməyə, səhranın ortasında, çadırda övlad dünyaya gətirməyə, uşaq böyütməyə məhkum idi. Həmin əli və ürəyi qabarlı qadınların çoxu bunca ağır şəraitə dözməyərək həyatdan erkən gedib, yaxud vaxtsız qocalıb. 25 ildir ki, Azərbaycanın yarım milyondan çox qadınının üstündə qaçqın, məcburi köçkün damğası var. Təbii ki, indi Azərbaycan dövləti onlar üçün normal yaşam şəraiti yaradıb. Lakin bu qadınlar hələ də qaçqınlıqdan, məcburi köçkünlükdən xilas ola bilməyib. Ürəkdəki qabar yerindədir, onlar qaçqın, köçkün olaraq qalırlar, acı talelərini sürməkdə davam edirlər. Bizim hər birimiz bircə anlığa öz anamızı, bacımızı, həyat yoldaşımızı, qızımızı o qaçqın xanımların yerində təsəvvür etməyə çalışaq. Əminəm, heç bunu təsəvvür etməyə gücünüz çatmayacaq. Bu fikri özünüzə yaxın belə buraxmaq istəçəyəcəksiniz. Məhz buna görə də Azərbaycanda və Avropanın, dünyanın digər guşələrində qaçqın qadınlar mövcud olmaqda davam edir, məhz buna görə onların həyatındakı ən müdhiş düyün açılmır. Biz bu gün müzakirəyə çıxarılmış məruzədə qaldırılan məsələdən – qaçqın qadınları hər hansı zorakılıq hallarından müdafiə etməkdən daha əvvəl gərək hamımıza, insanlığa ləkə sayılası bir fenomenin – ümumən qaçqın qadının var olmasının əleyhinə səsimizi qaldıraq”.

Deputat Rafael Hüseynov yalnız Azərbaycandakı deyil, Avropada və dünyadakı bütün qaçqın və məcburi köçkün qadınların bu ağır dərdinə çarənin yalnız haqq, ədalət sevən insanların birgə səyləri olduğunu vurğulayaraq fikrini bu sözlərlə yekunlaşdırıb: “Əgər hamımızın bu yolda sözümüz bir, iradəmiz vahid, mübarizəmiz müştərək olsaydı, bu müşkül görünən problem çoxdan həllini tapardı. Nə qədər bu böyük dərd hələ də həllini tapmayıb, nə qədər əzablara məruz qalan qaçqın qadınlarımız var, nə qədər biz bu yolda vicdanımızı rahat edəcək kəsərli iş görməmişik, onda yenə dönə-dönə özümüzə sual verək: haqları hər addımda tapdanan qaçqın qadın bilavasitə bizim anamız, bacımız, həyat yoldaşımız, qızımız olsaydı, nə edərdik?”