YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin etimadnaməsini qəbul edib.

Səfir Teruyuki Katori fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Teruyuki Katori etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu və geniş sahələri əhatə etdiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan tərəfi dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi və genişləndirilməsində maraqlıdır. İqtisadi əlaqələrimizin də yüksək səviyyəsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu əməkdaşlığın enerji, bank sektoru və digər sahələri əhatə etdiyini dedi və Yaponiya hökumətinin dəstəyi ilə bir çox mühüm layihələrin həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev Yaponiya şirkətlərinin Azərbaycanda investor və kontraktor qismində fəaliyyət göstərməsi üçün yaxşı şəraitin mövcud olduğunu dedi. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, səfir Teruyuki Katorinin ölkəmizdəki fəaliyyəti dövründə ikitərəfli münasibətlərimiz bundan sonra da uğurla inkişaf edəcək.

Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori Yaponiya İmperatoru əlahəzrət Akihitonun salamlarını dövlətimizin başçısına çatdırdı. O, ikitərəfli münasibətlərimizin çox yaxşı səviyyədə olduğunu dedi. Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd edən səfir Teruyuki Katori əlaqələrimizin daha da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı.

Görüşdə Yaponiya şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunuldu, ölkələrimiz arasında müasir texnologiyalar, neft və kimya, əczaçılıq, ağır sənaye, turizm, kənd təsərrüfatı, ticarət sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Yaponiyaya səfəri zamanı İmperator əlahəzrət Akihito ilə görüşünü məmnunluqla xatırlayaraq onun da salamlarını Yaponiya İmperatoruna çatdırmağı xahiş etdi.