YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan “ArabianTravel Market-2017” beynəlxalq turizm sərgisində iştirak edir

Bu gün Dubay Beynəlxalq Ticarət Mərkəzində “Arabian Travel Market-2017” (ATM) illik beynəlxalq turizm sərgisi açılıb. Bu, ən böyük və nüfuzlu beynəlxalq sərgilərdən biridir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun himayəsi ilə keçirilən sərgi ölkənin turizm sənayesində mühüm hadisədir və bütün iştirakçılara daha sıx əlaqələrin qurulmasında, əməkdaşlıq haqqında sazişlərin bağlanmasında əlverişli imkan yaradır.

Azərbaycanı bu nüfuzlu sərgidə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Azərbaycan pavilyonunda 40 turizm şirkəti, o cümlədən “PASHA TRAVEL”, “Silk Way Travel/AZAL”, “Absheron Hotel Group”, “Zakher Travel Azerbaijan”, “Аtlas Travel”, “Azerbaijan Convention Bureau/Baku Shopping Festival”, “Baku City Circuit” və digər məşhur şirkətlər təqdim olunub.

Sərgidə 150-dən çox ölkənin nümayəndələri iştirak edirlər. Turizm sahəsinin 40 mindən çox ekspert və mütəxəssisinin iştirakı gözlənilir. Ekspozisiyadakı 65 milli pavilyonda 2800 eksponent təqdim edilib. Sərgi günlərində 35 seminar və texnoloji sessiyanın keçirilməsi planlaşdırılır. Həmçinin 2,5 milyard dollardan artıq məbləğdə biznes əqdləri bağlanması gözlənilir.

Ölkəmizin BƏƏ-də səfiri Daşqın Şikarov və Dubayda baş konsulumuz Pərviz İsmayılzadə Azərbaycan pavilyonuna gediblər.

Sərginin elə ilk günündə ölkəmizin ekspozisiyası çoxsaylı ziyarətçilərin, o cümlədən turizm bazarı peşəkarlarının və potensial turistlərin diqqətini cəlb edib. Azərbaycan stendində ölkəmizin ən məşhur turizm istiqamətləri barədə təkliflər, turizm potensialı və görməli yerləri haqqında müfəssəl məlumat əldə etmək olar.

“Zakher Travel Azerbaijan” turizm şirkətinin direktoru İbad Bağırov AZƏRTAC-a bildirib ki, Azərbaycanın turizm şirkətlərinin bu nüfuzlu sərgidə iştirak etməsi ölkəmizin turizm potensialının tanıdılması və ərəb ölkələrindən, Fars Körfəzindən, Afrika ölkələrindən və bütün dünyadan turistlərin cəlb edilməsi baxımından böyük əhəmiyyət daşıyır. İbad Bağırov deyib: “Ölkəmizin rəhbərliyi ərəb və digər ölkələrdən turist axınını təşviq etmək məqsədilə bütün zəruri tədbirləri həyata keçirir, bununla əlaqədar viza prosedurlarına düzəlişlər edilib ki, bu da ərəb ölkələrindən turist axınının artmasına səbəb olub”. Onun sözlərinə görə, bu cür sərgidə iştirak etmək səyahətçiləri cəlb edilməsi və ölkəmizin görməli yerlərinin tanıdılması baxımından əlavə imkandır.