YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər protezlərlə təmin ediliblər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın tapşırığına əsasən, “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi üzrə işlər başa çatdırılıb. Qeyd edək ki, Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə yaradılan işçi qrup layihənin ilkin mərhələsində 2016-cı ilin aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə fərdi görüşlər keçirib, onlara individual yanaşma tətbiq olunub. Belə ki, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri təhlil edilərək hərbçilərimiz üçün uyğun, müasir protez istehsalçıları olan qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ordumuzun yaralanmış bir qrup əsgər və zabiti ilə aprelin 3-də keçirdiyi görüşdə verdiyi tapşırığa əsasən, layihə üzrə 20 gün ərzində müvafiq işlər həyata keçirilib, hərbiçilərdə amputasiya olunan hərəki hissələrə protezlər quraşdırılıb. Bu müasir protezlər normal hərəkət dinamikasının təmin olunmasına imkan yaradır. İşçi qrupun mütəxəssisləri tərəfindən həm protezlərin təminatı, həm də gələcək mərhələdə onların texniki xidməti həyata keçiriləcək.

Tətbiq edilən yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəki uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq və yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən həyata keçirilən layihənin əsas məqsədi 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunmasıdır.

Əsgər və zabitlərimiz onlara göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. “Biz iki dəfə böyük sevinc yaşadıq: 2016-cı il aprel döyüşlərində strateji yüksəkliklərin işğaldan azad edilməsi zamanı və yaralandıqdan sonra yenidən tam normal həyat tərzinə qayıtmaq imkanı əldə etdikdə”, - deyən hərbçilərimiz bundan sonra da Vətən üçün daha böyük işlər görmək arzusundadırlar.