YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: IV İslam Həmrəyliyi Oyunları zamanı turistlər üçün hər cür şərait yaradılıb

Daxili və gəlmə turizmə əlavə stimul yaratmaq, yerli istehsalı və sahibkarlığı hərəkətə gətirmək, qeyri-neft sektorunun yeni yolla canlanmasına nail olmaq məqsədilə Bakı şəhərində və Azərbaycanda bir neçə yeni turizm layihəsi həyata keçirilir. Bunların sırasında Novruz bayramı ərəfəsində və hazırda Sabir bağı ərazisində, Köhnə qala divarlarının yanında və İçərişəhərdə davam etdirilən, ölkəmizin zəngin mədəni irsini, mətbəx nümunələrini, xalq tətbiqi sənətini, bir növ tarixi-milli kimliyimizi əks etdirən yarmarka təşkil olunub. Bu yarmarkanın vətəndaşlarımız və turistlər tərəfindən böyük maraq və rəğbətlə qarşılandığı nəzərə alınaraq, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi müddətdə də davam etdirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasındakı çıxışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bundan əlavə, Oyunların keçiriləcəyi günlərdə turistlər üçün Bakı şəhərində və regionlarda yerləşən tarix-mədəniyyət qoruqları, müxtəlif profilli muzeylər və xüsusi hazırlanmış turizm marşrutları üzrə ekskursiya xidmətləri təşkil olunacaq. Muzey və qalereyalar Oyunlar zamanı ölkəmizdə olan turistlərə daha uzun müddətdə xidmət göstərməsi üçün iş rejimlərini müvəqqəti uzadılmış şəkildə həyata keçirəcəklər.

Ə.Qarayev müvafiq qurumlarla, təhlükəsizlik, nəqliyyat təşkilatları ilə əldə olunmuş razılığa əsasən, Oyunların keçiriləcəyi günlərdə turist avtobuslarının müəyyənləşdirilmiş “şəhər turu” marşrutu üzrə paytaxtımızın qonaqlarına öz xidmətlərini təqdim edəcəyini vurğulayıb.

Həmçinin turistlərin suallarını cavablandırmaq, onlara lazımi köməyin operativ şəkildə həyata keçirilməsi məqsədilə könüllülərdən ibarət “Ask me – Məndən soruş” layihəsi təşkil olunacaq. Bu gənclər kütləvi yerlərdə fəaliyyət göstərəcəklər.

Ə.Qarayev “Paşa Sığorta”nın və Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında “Sirli Bakı” mobil tətbiqi layihəsinin hazırlandığını vurğulayaraq bildirib ki, xüsusi texnologiyaya əsaslanan bu proqram Bakının tarixi irsini sakinlərə və şəhərin qonaqlarına tanıtmaq məqsədi daşıyır. Proqramın tətbiq olunduğu hər hansı bir cihazla tarixi abidələrin qarşısında quraşdırılmış informativ stendləri “skan” etməklə ziyarətçilər onlar haqqında üç dildə (Azərbaycan, rus, ingilis) müfəssəl məlumat əldə edə biləcəklər.

Nazir qeyd edib ki, “Go-map” naviqasiya sistemi təkmilləşdirilərək istifadəçilərin ixtiyarına verilib. Bu naviqasiya sistemi vətənimizin qonağı olan hər bir kəs üçün elektron xəritə üzərindən virtual bələdçilik vəzifəsini yerinə yetirəcək. Məlumat vermək istəyirəm ki, bu gün “Go-map” sistemindən gündə 25 min nəfər istifadə edir.

DİGƏR Xəbərlər Arxiv