YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Malta parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maltaya səfəri çərçivəsində bu ölkənin parlamentinin sədri Anqlu Farruca ilə də görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanla Malta arasında əməkdaşlığın hazırkı səviyyəsindən və yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə olunub. Belə görüşlərin keçirilməsinin ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tərəflər müasir dövrdə parlament diplomatiyasının rolunu xüsusi qeyd ediblər. Hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi bildirilib. Dostluq qruplarının bu əlaqələrə verdiyi töhfələr təqdir edilib.

Sədr Anqlu Farruca Azərbaycana çoxsaylı səfərlərini xatırladıb və ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Avropa İttifaqı arasında “Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi üzrə aparılan danışıqlar barədə məlumat verib. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən söz açıb. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməli olduğunu diqqətə çatdırıb.

Daha sonra görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin əməkdaşlığının genişləndirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.