YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlamentin plenar iclasında 39 məsələ müzakirə edilib

Aprelin 14-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.

İclası parlamentin sədri Oqtay Əsədov açaraq gündəlik barədə məlumat verib. Gündəliyə 39 məsələ daxil olub.

Əvvəlcə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti haqqında illik hesabatı dinlənilib. Hesabatı təqdim edən qurumun sədri Vüqar Gülməmmədov qeyd edib ki, 2016-cı ilin iş planına uyğun olaraq hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 12-si təhlil işi olmaqla 77, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 10-u təhlil olmaqla 19 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilib. Dövlət büdcəsinin gəlirlərini əhatə edən tədbirlərin sayı 8 olub, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə 2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 audit keçirilib. Hesabat ilində 2 analitik təhlil növbəti ilə keçirilib, 2 nəzarət tədbirinin nəticələrinə məxfi qaydada baxılıb və 1 auditin nəticələrinin yekunlaşdırılmaması səbəbindən həmin tədbirlə bağlı məlumatlar növbəti ildə fəaliyyətlə bağlı hesabata daxil ediləcək. Ümumilikdə, 2016-cı ildə auditlə əhatə edilmiş qurumların sayı 155 olub. Eyni zamanda, 2016-cı ilin iş planında nəzərdə tutulmuş və hesabat ilində başa çatdırılmış nəzarət tədbirlərinin sayı 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,8 faiz (82 və 74) az olub. Bununla belə, auditlərlə əhatə edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə 34,2 faiz çox olmaqla ümumilikdə əhatə dairəsi hesabat ilində 5,6 milyard manat təşkil edib. 2016-cı ildə əhatə edilmiş vəsaitin 85,5 faizi dövlət büdcəsinin mərkəzləşdirilmiş, 14,5 faizi isə büdcənin yerli xərcləri üzrə olub, auditin 32-si Bakı şəhərində, 30-u respublikanın ayrı-ayrı şəhər və rayonlarında, 3-ü isə xarici ölkədə yerləşən diplomatik korpusda audit tədbiri aparılıb.

Qeyd edilib ki, hesabat ilində müəyyən edilmiş nöqsanlar və pozuntular vahid yanaşma tətbiq olunmaqla təsnifləşdirilib. Ümumilikdə, 8 istiqamət üzrə 825 halda nöqsan müəyyən edilib. Yol verilmiş nöqsan və pozuntuların ümumi məbləğinin 21 faizi büdcə qanunvericiliyinin pozulması halları, 25,8 faizi əsaslı xərclər üzrə, 20,2 faizi mühasibat uçotu və hesabatlılıq ilə bağlı, 12,7 faizi dövlət borcu üzrə, 12,5 faizi vergi qanunvericiliyinin pozulması, 7,7 faizi dövlət satınalmaları ilə bağlı olub və 0,1 faizini digər sahələr təşkil edib.

Bildirilib ki, Hesablama Palatası vəsaitin təyinatının dəyişdirilməsi hallarını hesabat ilində əsasən üç istiqamət üzrə qruplaşdırıb və ümumilikdə 53,4 milyon manat məbləğində vəsaitin təyinatının dəyişdirildiyi müəyyən olunub.

Diqqətə çatdırılıb ki, həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq audit olunan qurumlar tərəfindən müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə bir neçə istiqamətdə tədbirlər həyata keçirilib. Həmin tədbirlərə nöqsanlar səbəbindən artıq ödənilmiş vəsaitin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondunun büdcəsinə bərpası ilə yanaşı, vergi borclarının əvəzləşdirilməsi, yerinə yetirilməmiş işlərin başa çatdırılması və təhvil verilməmiş mal-materialların təhvil verilməsi və s. bu kimi tədbirlər aiddir.

Vurğulanıb ki, Hesablama Palatası ötən illərdə həyata keçirilmiş auditlər üzrə görülmüş tədbirlərin sona çatdırılması işinə də diqqət yetirir və bu məlumatlar da daim nəzarətdə saxlanılır. Beləliklə, Hesablama Palatasının 2016-cı ildə həyata keçirdiyi maliyyə-büdcə nəzarəti fəaliyyətinin və əvvəlki illərdə başa çatmış tədbirlərin davamı olaraq ümumilikdə, 11,3 milyon manat, 75 min ABŞ dolları, 17,8 min avro məbləğində vəsaitin bərpası təmin edilib və bu, keçən ilin müvafiq göstəricilərindən 9,6 faiz çoxdur.

Həyata keçirilmiş tədbirlərin bir istiqaməti görülməmiş işlərin başa çatdırılması ilə əlaqədardır. Hesabat ilində qurumlar tərəfindən 4,1 milyon manat məbləğində görülməmiş işlər başa çatdırılıb, sifarişçi-podratçı təşkilatlar tərəfindən 4,4 milyon manat məbləğində işlərin 2017-ci ilin birinci yarısında başa çatdırılacağı ilə bağlı öhdəlik məktubu Hesablama Palatasına daxil olub. Audit olunan qurumlar üzrə 3,6 milyon manat məbləğində maliyyələşmə məbləğinin azaldılması təmin edilib. Dövlət büdcəsi ilə yanaşı, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 282 min manat məbləğində vəsait bərpa edilib, yığım hesabına toplanılmış 209,3 min manat məbləğində vəsait müvafiq hesabatlara bərpa edilib.

2016-cı ildə Hesablama Palatası tərəfindən dövlət büdcəsi vəsaitlərinin icrasını təmin edən qurumların vəsaitlərin istifadəsi ilə bağlı təqdim etdiyi illik maliyyə hesabat və balans göstəricilərinin təhlili işlərinə də başlanılıb. Hesabat ilində 113 qurum üzrə məxfi xərclər istisna olmaqla 5,8 milyard manat məbləğində vəsait bu təhlillərlə əhatə olunub.

İclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb. Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bu barədə məlumat verib.

Sonra Şuranın tərkibində dəyişikliklər barədə məsələ səsverməyə çıxarılıb. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi - Aparat rəhbəri Həsən Cəfərov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçiliblər.

Daha sonra “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Layihə barədə danışan Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir.

Sonra iclasda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Geodeziya və kartoqrafiya haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Xidməti və mülki silah haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Dərman vasitələri haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Çayçılıq haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Taxıl haqqında”, “Yeyinti məhsulları haqqında”, “Toxumçuluq haqqında”, “Telekommunikasiya haqqında”, “Avtomobil yolları haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Standartlaşma haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Turizm haqqında” qanunlara, həmçinin Şəhərsalma və Tikinti, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər qəbul edilib.

Sonra Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə baxılaraq təsdiq edilib. Bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ Qanununun tətbiqi ilə əlaqədar hazırlanıb.

Daha sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Qeyd edilib ki, qanun layihəsi Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar hazırlanıb.

Layihələr səsə qoyularaq qəbul edilib.

Bundan başqa, iclasda Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması məsələsi müzakirə olunub. Vüsal Hüseynov Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

Deputatlar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini birinci oxunuşda müzakirə ediblər. Qeyd edilib ki, qanun Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.