YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Peter Siyarto: Macarıstan Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini dəstəkləyir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri və mümkün əməkdaşlıq sahələri barədə fikir mübadiləsi aparılıb. Həmçinin çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi qeyd edilib. Tərəflər ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

Elmar Məmmədyarov həmkarının Macarıstana səfər dəvətini məmnuniyyətlə qəbul etdiyini vurğulayıb. O, tərəf müqabilinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə məlumat verib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu və münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi çərçivəsində nizamlanmalı olduğunu diqqətə çatdırıb.

P.Siyarto Macarıstanın Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqların başlanması prosesinə tam dəstək verdiyini bildirib. Görüşdə nazirlər, həmçinin gündəlikdə olan layihələr, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizi barəsində geniş fikir mübadiləsi aparıblar.

Sonda E.Məmmədyarov Şərq Tərəfdaşlığına Macarıstanın prezidentliyinin başlandığını deyib, Macarıstanın prezidentliyinin uğurlu keçəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.