YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Allahşükür Paşazadə: Azərbaycan bu gün dünyaya uğurlu ideyalarını təqdim etmək qüdrəti olan dövlətə çevrilib

Azərbaycan multikulturalizm, tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib. Ölkəmizdə müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları nadir dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar. Azərbaycanda məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur.

Bu fikirləri jurnalistlərə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

Şeyxülislam bildirib ki, dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Prezident İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsinin təqdirəlayiq olduğunu vurğulayan A.Paşazadə deyib: “Bu, Azərbaycanın beynəlxalq nüfuzu üçün zəfərdir. Müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən dövlət başçısının “İslam Həmrəyliyi İli” ideyası yalnız İslam dünyası daxilində deyil, İslam aləmi ilə digər dinlər arasında həmrəyliyin harmoniyasını ehtiva edir. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi də bu məramın təzahürüdür. Azərbaycan bütün dünyaya nümayiş etdirir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət yaratmaq mümkündür. Azərbaycan bu gün dünyaya uğurlu ideyalarını təqdim etmək qüdrəti olan dövlətə çevrilib”.

QMİ sədri əlavə edib ki, xalqımız, dövlətimiz bu uğurlara ulu öndər Heydər Əliyevin dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq vətəndaşlarımızı milli birlik, mənəvi vəhdət ideyaları ətrafında bir araya gətirən xilaskar azərbaycançılıq məfkurəsi sayəsində imza atıb. Azərbaycan bu gün dünyaya uğurlu ideyalarını təqdim etmək qüdrəti olan dövlətə çevrilib. Prezident İlham Əliyev qətiyyətli siyasi iradəsi sayəsində Azərbaycanı multikulturalizm, İslam həmrəyliyi ideyalarının mərkəzində duran bir ölkə kimi gündəmə gətirməklə beynəlxalq aləmdə böyük bir siyasi-mənəvi uğura nail olmaqdadır. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın ölkəmizdə və beynəlxalq müstəvidə genişmiqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğ etməsi, ümumbəşəri dəyərlərə diqqət və himayəsi ölkəmizin bu istiqamətdə söz sahibinə çevrilməsinə ali xidmətdir.