YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Polşanın limanları, tikinti qurumları arasında əməkdaşlığın inkişafı yolları müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində bu ölkənin dəniz və daxili su hövzələri nəqliyyatı naziri Marek Qrabarçık və infrastruktur və tikinti naziri Andjey Adamçık ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşlərdə hər iki ölkənin limanları və tikinti üzrə qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub.

Nazir Elmar Məmmədyarov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və görülən işlər barədə ətraflı məlumat verib. O, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun imkanları, eləcə də yaxın gələcəkdə logistika sahəsində nəzərdə tutulan irimiqyaslı layihələr haqqında danışıb.

Marek Qrabarçık gəmilərin tikintisi və balıqçılıq təsərrüfatının inkişaf etdirilməsi məsələlərinə toxunub və Polşanın təcrübəsi barədə danışıb.

Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və perspektivlərindən söz açıb, xüsusilə Şimal-Cənub dəmir yolu xəttinin Polşanın limanlarına çıxış imkanlarından danışıb.

Marek Qrabarçık dəniz limanları arasında əməkdaşlığı inkişaf etdirmək üçün azərbaycanlı həmkarlarını Polşaya dəvət edib. İnfrastruktur naziri Andjey Adamçık Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Polşa üçün də maraq kəsb etdiyini söyləyib və Azərbaycandan olan tərəf müqabilləri ilə əməkdaşlığa hazırlığını ifadə edib.

Görüşdə SOCAR-ın Polşanın ORLEN və LOTOS şirkətləri ilə əməkdaşlığı, “Sarmatiya Beynəlxalq Boru Kəməri Müəssisəsi” çərçivəsində SOCAR-la Polşanın “Pşiyazn” şirkəti arasında əlaqələr məmnuniyyətlə qeyd olunub. Həmçinin Polşanın “Novol” şirkətinin və 20-dən artıq digər şirkətinin ölkəmizdə ticarət, sənaye, nəqliyyat, xidmət, tikinti, sığorta, bankçılıq və sair sahələrdə uğurlu fəaliyyəti vurğulanıb. Azərbaycan şirkətlərinin də daha fəal şəkildə Polşa iqtisadiyyatında təmsil olunması üçün əlverişli imkanların olduğu diqqətə çatdırılıb.