YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin iştirakçıları Şirvanda

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti Astaradan sonra aprelin 11-də Şirvan şəhərində davam edib.

Bakıda Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan su səyahətinə Kür çayının Şirvan şəhər ərazisindən keçən hissəsində start verilib.

Sərbəst güləş üzrə idman ustası, Əməkdar Məşqçi İsmayıl Həşimov, idmanın taekvando növü üzrə 2015-ci və 2017-ci illərdə keçirilən Azərbaycan çempionatının bürünc mükafatçısı Arif Şükürov və Şirvan şəhər 10 nömrəli tam orta məktəbin şagirdi Səma Əliyeva “Bakı- 2017”nin misdən hazırlanmış su qablarını Kür çayının suyu ilə doldurublar. Bu su qabları axşam saatlarında şəhərdəki Heydər Əliyev meydanında keçiriləcək su festivalında və mayın 12-də isə “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

Həmin gün Şirvan şəhər Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri Ülviyyə Əkbərova, oyunların ulduz səfirləri, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar.

Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.

Qeyd edək ki, “Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində Şirvan şəhərindəki Heydər Əliyev meydanında axşam saatlarında su festivalı keçiriləcək, konsert proqramı və atəşfəşanlıq olacaq.