YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada Azərbaycan və Rusiya arasında Xəzərin statusu üzrə məsləhətləşmələr keçirilib

6 mart 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi arasında 2017-2018-ci illər üçün Məsləhətləşmələr Planı”na uyğun olaraq, aprelin 10-da Moskvada Azərbaycan və Rusiya arasında Xəzər dənizinin hüquqi statusu üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Azərbaycan Rusiyadakı səfirliyindən verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Rusiya Federasiyası Prezidentinin MDB iştirakçı-dövlətləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Görüşdə 25-26 yanvar 2017-ci il tarixində Bakı şəhərində keçirimiş Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib-hazırlanması üzrə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 48-ci iclasının nəticələri üzrə fikir mübadiləsi və açıq qalan məsələlər ətrafında müzakirələr aparılıb.

Eyni zamanda, Xəzəryanı ölkələrin Zirvə Toplantısına hazırlıq məqsədilə keçirilməsi nəzərdə tutulan Xəzəryanı ölkələrin Xarici İşlər Nazirlərinin Müşavirəsinə qədər bütün məsələlər üzrə razılığın əldə olunmasının vacibliyi vurğulanıb və birgə səylərin artırılması zəruriliyi qeyd edilib.

Müzakirələr zamanı tərəflər bütün Xəzəryanı ölkələr tərəfindən qəbul ediləcək Konvensiyanın hər bir sahilyanı dövlətin suveren hüquqlarının təmin olunmasına və onların maraqlarına xidmət etməli olduğuna dair ortaq fikir ifadə ediblər.

Hər iki ölkə arasında mövcud olan yaxın qonşuluq və dostluq münasibətləri ruhunda keçən görüşdə Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda aparılan məsləhətləşmələrin mövqelərin yaxınlaşdırılmasına və gündəlikdə olan məsələlərin razılaşdırılmasına xidmət etdiyi qeyd edilib.