YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti mərasimində iştirak edib

Aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva, ailə üzvləri, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev və “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud ilə görüşdülər.

Bu il mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bütün Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər idman təntənəsidir. On gün ərzində bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasim Azərbaycan rəqsləri ilə başladı.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsini ölkəmizin həyatında çox əlamətdar hadisə kimi qiymətləndirdi. Qeyd etdi ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük şərəfdir. Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik. Eyni zamanda, bu, bizim üçün böyük məsuliyyətdir və demək olar ki, bütün hazırlıq işləri başa çatıb. Biz Oyunları qəbul etmək üçün tam hazırıq.

IV İslam Həmrəyliyi Oyunlarının hazırlanmasında xüsusi rol oynayan Təşkilat Komitəsinə, onun bütün üzvlərinə və Komitənin sədri Mehriban Əliyevaya təşəkkürünü bildirən Prezident İlham Əliyev qeyd etdi: “Bir aydan bir qədər sonra 57 ölkəni təmsil edən 3 mindən çox idmançı Azərbaycanda yarışacaq. Biz bütün qonaqları qəbul etməyə hazırıq, onları səbirsizliklə gözləyirik. Qeyd etdiyim kimi, bu Oyunlarda 57 ölkənin idmançıları iştirak edəcəklər və bu, Oyunların tarixində bir rekorddur. Biz buna çox sevinirik. Eyni zamanda, minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Əminəm ki, qonaqların ölkəmizlə, onun reallıqları ilə, bizim qədim tariximizlə tanış olmaq üçün imkanları olacaqdır.

Azərbaycan qədim tarixə, mədəniyyətə malik olan bir dövlətdir. Bizim mədəniyyətimiz, tariximiz qürur mənbəyimizdir, milli sərvətimizdir. Qədim tariximizi əks etdirən tarixi-dini abidələrimiz sübut edir ki, Azərbaycan xalqı qədim xalqdır və ta qədim dövrlərdən bu diyarda yaşayıb, qurub-yaradıb. Azərbaycan qədim müsəlman diyarıdır. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi 743-cü ildə tikilmişdir. Bu məscid bir neçə il bundan əvvəl əsaslı bərpa edilmiş və qapılarını Azərbaycan xalqının üzünə açmışdır. Əminəm ki, qonaqlar Bakının və digər bölgələrimizin tarixi yerləri ilə tanış olacaqlar.

Oyunların keçirilməsində könüllülərin rolu xüsusi əhəmiyyət daşıyır. Şadam ki, bu Oyunların keçirilməsində 8 mindən çox könüllü iştirak edəcək. Onlarsız bu Oyunları keçirmək qeyri-mümkündür.”

Prezident İlham Əliyev bildirdi ki, qədim tarixə malik olan Azərbaycan cəmi 25 ildir ki, müstəqil dövlət kimi yaşayır. Keçən il biz müstəqilliyimizin bərpa olunmasının 25 illiyini qeyd etmişik. Bu illər inkişaf, quruculuq illəri olmuşdur. Hesab edirəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir. Biz bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsinin dəstəyi və səsi ilə dünyanın ən ali beynəlxalq orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. Bu, beynəlxalq aləmdə bizə olan münasibətin, hörmətin təzahürüdür.

“Azərbaycanda bütün sosial məsələlər öz həllini tapır. İşsizlik beş faiz səviyyəsindədir. Son 13 il ərzində iqtisadiyyatımız üç dəfə artmışdır. Savadlılıq 100 faiz səviyyəsindədir. Bütün bunlar bu gün ölkəmizin sürətli inkişafını əks etdirir. Bizim şəhərlərimiz gözəlləşir, abadlaşır. Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Biz İslam həmrəyliyi üçün çox böyük işlər görürük. Ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə bir çox mötəbər tədbirlər həyata keçirilmişdir. Biz İslam mədəniyyətini dünyada təbliğ etmək üçün çoxsaylı tədbirlər, təqdimatlar, sərgilər keçiririk. Biz istəyirik ki, bütün dünya bilsin və görsün ki, İslam sülh dinidir, mərhəmət dinidir. Bizim qədim mədəniyyətimiz var və biz mədəniyyətimizlə fəxr edirik.

Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır.”-deyə, Prezident İlham Əliyev bildirdi.

Dövlət başçımız qeyd etdi ki, Azərbaycan idman sahəsində də böyük uğurlar əldə edib: “Bizim müasir idman infrastrukturumuz istənilən beynəlxalq mötəbər yarışı keçirməyə imkan yaradır. Bakıda ən müasir idman qurğuları istifadəyə verilib. Eyni zamanda, bizim digər şəhərlərdə 40-dan çox müasir Olimpiya İdman kompleksi fəaliyyət göstərir və bu, özlüyündə idmana olan marağı artırır. Gənc nəsil, uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər və idmanla məşğul olurlar. Biz görkəmli idmançılarımızla fəxr edirik. Bizim artıq bir çox Olimpiya çempionumuz var. Azərbaycan mötəbər beynəlxalq idman yarışlarında daim yüksək nəticələr göstərir. İki il əvvəl Bakıda keçirilmiş birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 56 medal qazanmışlar və komanda hesabında ikinci yerə layiq görülmüşlər. Təsəvvür edin, bütün Avropa ölkələrinin iştirakı ilə keçirilmiş Oyunlarda Azərbaycan komandası ikinci yerə layiq görülmüşdür. Keçən il Rio Olimpiya Oyunlarının nəticələri göstərdi ki, bu qələbə təsadüfi deyildir. Rio Olimpiya Oyunlarında Azərbaycan 18 medal qazanmışdır və medalların sayına görə biz dünya miqyasında 14-cü yerdəyik. Baxın, cəmi 25 il müstəqil ölkə kimi yaşayan Azərbaycan medalların sayına görə iki yüz ölkə arasında 14-cü yerə layiq görülmüşdür. Avropa ölkələri arasında isə biz yeddinci yerə layiq görüldük. Rio Olimpiya Oyunlarında Azərbaycan müsəlman ölkələri arasında birinci yerdə idi. Bu, bizi sevindirir və ruhlandırır. Bu, gənc, müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarımızın vətənpərvərliyini göstərir. Hər dəfə bayrağımız beynəlxalq yarışlarda qaldırılanda hər bir vətənpərvər Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir.”

Prezident İlham Əliyev “İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur. Su həyat deməkdir. Təbiət və insan susuz yaşaya bilməz. Azərbaycan füsunkar təbiətə malik bir ölkədir. Gözəl göllərimiz, çaylarımız, bulaqlarımız, şəlalələrimiz, gözəl Xəzər dənizimiz bizim təbii sərvətimizdir. Bu gün Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır. Su, əslində bir rəmzdir və Oyunların rəmzi məhz sudur. Hesab edirəm ki, bu seçim yüksək qiymətə layiq olmalıdır. Qoy, bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun.”-deyə, çıxışına yekun vurdu.

Sonra Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud çıxış etdi.

Daha sonra mərasim bədii hissə ilə davam etdi.

Ustad xanəndələr Alim Qasımovun və Fərqanə Qasımovanın ifasında Azərbaycan və dünya musiqisinin şah əsəri olan muğam təqdim edildi.

Qeyd edək ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Çünki su hər bir canlı üçün həyat mənbəyidir. Paklıq və birlik rəmzi olan suyun İslamda böyük mənəvi dəyəri var və o, Xəzər dənizinin sahilində yerləşən Bakı üçün də xüsusi əhəmiyyəti ilə seçilir.

Bakıdan olan uşaq iki nüfuzlu idmançının - taekvando üzrə dünya çempionatının ikiqat mükafatçısı Rəşad Əhmədov və Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Mariya Stadnikin müşayiəti ilə Xəzər dənizinin sahillərindən birlik rəmzi olan suyu bütün Azərbaycana paylamaq üçün toplayıb.

Sonra uşaqlar səhnəyə daxil oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim etdi.

Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti bununla da 3 min kilometrdən çox məsafəni qət edəcək. Azərbaycanın müxtəlif guşələrində böyük təbii gözəlliyə malik 15 su məkanının hər birində iki atletin müşayiəti ilə yerli uşaq xüsusi mərasimdə mis qabı su ilə dolduracaq.

Prezident İlham Əliyevin göndərdiyi Xəzərin suyu ilə yanaşı, götürüləcək digər sular sonradan axşam festivalında təqdim olunacaq. Azərbaycan musiqisi və rəqsləri, möhtəşəm su effektləri və əlvan atəşfəşanlığı ilə zəngin olan bu tədbirdə hər kəs iştirak edə biləcək.

Beləliklə, səyahət başladı. “Xəzərdən başlayan səyahət” mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən çox dövlətindən olan idmançıları Oyunlarda salamlayacaqlar.

Sonda möhtəşəm atəşfəşanlıq oldu.

Dördüncü İslam Həmrəyliyi Oyunları həm ölkəmiz, həm də İslam aləmi üçün çox önəmli idman yarışı olacaq. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik ölkədir. Digər tərəfdən, indiyə qədər Azərbaycanda bütün mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə baş tutması, birinci Avropa Oyunlarında qazanılan möhtəşəm qələbələr İslam Həmrəyliyi Oyunlarının da uğurla keçiriləcəyinə təminat verir. Bunu isə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, beynəlxalq miqyasdakı nüfuzu və inkişafı şərtləndirir.