YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazarbayev Azərbaycan və Qazaxıstan arasında xüsusi gömrük rejiminin tətbiqi ilə bağlı göstəriş verib

Aprelin 4-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Aktau şəhərində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərsun Holdinq”in birgə layihəsi olan “Azərsun İstehsal və Logistika Mərkəzi” ilə tanış olub.

Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib ki, Azərbaycan və Qazaxıstan arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olması, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanması ölkələrimiz arasında bir sıra iqtisadi layihələrin uğurla reallaşdırılmasına şərait yaradır. Belə layihələrdən biri də “Aktau Dəniz Limanı” Xüsusi İqtisadi Zonasında yerləşən “Azərsun İstehsal və Logistika Mərkəzi”dir.

Logistika Mərkəzi barədə məlumat verən Ş.Mustafayev mərkəzin inşasına dair razılığın 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşündə əldə edildiyini və bu istiqamətdə dövlət başçıları tərəfindən müvafiq tapşırıqların verildiyini diqqətə çatdırıb. Həmin il Logistika Mərkəzinin inşasına dair Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, “Azərsun Holdinq” və Qazaxıstanın “Aktau Dəniz Limanı” Xüsusi İqtisadi Zonası arasında Anlaşma Memorandumu imzalanıb. Təməli 2014-cü ilin 28 iyun tarixində qoyulan və 2015-ci ilin dekabrında fəaliyyətə başlayan “Azərsun İstehsal və Logistika Mərkəzi”nin ümumi anbar sahəsi 8730 kv.m olan quru və soyuducu anbarlar və digər infrastrukturdan ibarətdir. Dəyəri 20 mln. ABŞ dolları olan Logistika Mərkəzi Almaniya, Niderland, İtaliya, Yaponiya və Türkiyə istehsalı olan müasir sistemlər, müxtəlif anbar avadanlıqları, iri və xırda tonajlı nəqliyyat vasitələri ilə təchiz edilib. İqtisadiyyat naziri Ş.Mustafayev “Azərsun İstehsal və Logistika Mərkəzi”nin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün xüsusi gömrük rejiminin tətbiq olunmasının məqsədəuyğunluğunu diqqətə çatdırıb.

Qazaxıstan Prezidenti N.Nazarbayev Azərbaycan və Qazaxıstan dövlət başçılarının tapşırığının qısa müddətdə və keyfiyyətli icrasını yüksək qiymətləndirib və xüsusi gömrük rejiminin tətbiqi ilə Qazaxıstanın aidiyyəti orqanlarına müvafiq göstəriş verib.

DİGƏR Xəbərlər Arxiv