YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Azərbaycan IV İslam Həmrəylik Oyunlarında da mükəmməl peşəkarlığını bir daha nümayiş etdirəcək

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) tərəfindən PwC şirkətinin dəstəyi ilə Palatanın üzvləri üçün təşkil edilən ənənəvi aylıq işgüzar naharın qonağı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov olub.

“AmCham”dan verilən məlumata görə, tədbirdə salamlama nitqi ilə çıxış edən “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova son və qarşıdan gələn hadisələrdən danışıb, həmçinin Palatanın Vergi və Gömrük və Səyahət, Hotelçilik və Turizm komitələrinə yeni sədrlərin təyinatı barədə elan edib.

Tədbir çərçivəsində PwC şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə rəhbəri Olqa Qriqye Avropa və Azərbaycanda iqdisadi vəziyyətlə bağlı məruzə ilə çıxış edib./Trend/

A.Rəhimov “AmCham”ın bütün üzvlərinə və qonaqlarına təşəkkürünü bildirib və Azərbaycanda keçiriləcək nəhəng idman tədbirləri - IV İslam Həmrəylik Oyunları və “Formula-1” üzrə Qran-pri yarışlarının növbəti mərhələsindən danışıb. Nazir qeyd edib ki, qarşıdan gələn İslam Həmrəylik Oyunlarında 20 idman növü üzrə 5 min idmançı iştirak edəcək, yarışlar ölkənin 16 idman arenasında keçiriləcək. O deyib ki, beynəlxalq standartlara cavab verən “Atletlər kəndi” idmançıları qəbul etməyə hazırdır: "Əminəm ki, möhtəşəm idman hadisəsinin şahidi olacağıq. Azərbaycan ilk Avropa Oyunları, “Formula-1” üzrə Qran-pri yarışları və digər iri idman tədbirlərini yüksək səviyyədə təşkil etmiş ölkə kimi IV İslam Həmrəylik Oyunlarında da mükəmməl peşəkarlığını bir daha nümayiş etdirəcək”.

Nazir onu da vurğulayıb ki, 50 ölkənin iştirak edəcəyi bu Oyunlar Azərbaycan xalqı üçün nəhəng beynəlxalq idman hadisəsinin bir hissəsi olmaq şansıdır. A. Rəhimov xatırladıb ki, Avropa Gimnastika Şurasının İcraiyyə Komitəsinin qərarına əsasən, 2018-ci ildə Azərbaycan batut gimnastikası üzrə Avropa Çempionatına ev sahibliyi edəcək. Çıxışının sonunda A. Rəhimov “AmCham”ın üzvlərinə və qonaqlarına bir daha təşəkkürünü bildirib və Palata ilə gələcəkdə də əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.