YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda 24-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisi keçiriləcək

Mayın 31-dən iyunun 3-dək Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas 2017” sərgisi keçiriləcək.

“Iteca Caspian” şirkətindən bildirilib ki, regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforma olan Xəzər Neft və Qaz “Caspian Oil& Gas” sərgisi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirir.

Xəzər Neft və Qaz “Caspian Oil&Gas” layihəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR tərəfindən də son dərəcə mühüm dəstək göstərilir.

Bu il sərgidə Almaniyadan, Çindən, Gürcüstandan, İrandan, Niderland Krallığı, Özbəkistandan, Rusiyadan, Türkiyədən, və digər ölkələrin şirkətləri iştirak edəcək. Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər. İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edəcəklər.

Tədbirin statusunu sponsorlarının tərkibi təsdiqləyir. Belə ki, baş sponsoru qismində ənənəvi olaraq SOCAR, qızıl sponsorları qismində BP şirkəti, gümüş sponsorlar qismində isə “Azeri MI”, “Baku Steel Company”, “AZFEN”, “Caspian Drilling Company Ltd”, “Caspian Marine Services” (CMS), “Global Energy Azerbaijan”, “RussNeft”, “SOCAR POLYMER”, “TEKFEN Construction”, “SIMONE” və digərləri çıxış edir. Sərginin baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edir.

İyunun 1-2-də “JW Marriott Absheron Baku” otelində keçiriləcək ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas Conference” konfransında müasir dövrün reallıqları fonunda ölkəmizin neft-qaz sənayesinin gələcək inkişafı, Avropaya enerji təchizatının təmin edilməsində Azərbaycanın rolu, təchizat əməliyyatlarının ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi və bir sıra digər aktual mövzular müzakirə olunacaq.

Beləliklə, sərgi və konfrans ənənəvi olaraq podratçılara sifarişçilər və həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcək. Sərgi və konfransın təşkilatçıları qismində “ITE Group” və onun tərəfdaşı “Iteca Caspian” şirkətləri çıxış edirlər.